2025-ci ilin 15 avqust tarixində Azərbaycanda internet tarifləri 40 faiz bahalaşdırıldı. Elan olundu ki, bundan sonra 100 Mb/s internet paketi 25 manatdır, bundan aşağı tarif yoxdur.
Bu qərar ictimaiyyətdə kəskin etiraz doğurdu, ekspertlər “Azertelekom” MMC və “Baktelekom” MMC-nin inhisarçı mövqeyindən sui-istifadə etdiyini bildirdilər. Anti-inhisar qurumu da bunu inhisarçılıq saydı, amma sonradan qurumun özünü də ləğv edib yenidən qurdular, beləcə məsələ qapandı.
Amma etirazların qismən nəticəsi də oldu: regionlarda daha geniş şəbəkəyə malik olan “Azeronline ADSL” 15 və 20 manatlıq paketlərin olduğunu, aztəminatlı ailələrə bununla güzəşt edildiyini açıqladı.
İlin əvvəlindən adıçəkilən provayder güzəştləri ləğv edərək minimum 25 manatlıq tarif tətbiq etməyə başlayıb. Amma bu barədə abunəçilərə sadəcə SMS göndərməklə kifayətlənib. Qeyd olunub ki, şirkət 100 Mb/s internet təklif edir, bundan ucuz tarif yoxdur. Həmçinin, haqqı ayın əvvəlindən ödənən paketlərin 30 gün müddətinin tamamlanmasına imkan verilməyib, fevralın 10-dan etibarən xidmətlər dayandırılıb. Bu da provayderin inhisarçı mövqeyindən sui-istifadə etməsini, habelə cəzasızlıq mühitində özünü rahat hiss etdiyini göstərir.
Provayderlərdən şikayətçi olan Nurlan Əzizov yaranmış vəziyyəti belə təsvir edir: “Ailənet” adlı şirkət evimə internet xətti çəkdi və bizimlə müqavilə imzaladı. Müqaviləyə əsasən aylıq ödəniş 15 manat olmalı idi. Lakin iki ay sonra ödəniş etdiyim halda internet açılmadı. Şirkətlə əlaqə saxladım. Mənə bildirildi ki, aylıq ödəniş artıq 25 manatdır. Müqaviləni xatırladanda isə dedilər ki, müqaviləni ləğv edirlər və istədiyim yerə gedib şikayət edə bilərəm. Halbuki müqavilənin 8-ci maddəsinin 8.1-ci bəndində açıq şəkildə göstərilir ki, bu müqavilə imzalandığı gündən etibarən bir il müddətində hər iki tərəf üçün qüvvədədir. Buna baxmayaraq, şirkət müqavilə şərtlərinə əməl etmir və məsuliyyəti üzərinə götürmür.”
Azərbaycan dünyada bahalı internet olan ölkələr sırasındadır, bazar bir neçə monopolist şirkətin inhisarında yerləşir, onların qoyduğu tariflər və göstərdikləri yararsız xidmətlər sorğulanmır, nəzarətedici qurumlar da qanunsuzluqlara göz yumur. Yeri gəlmişkən, Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeganə qurumdur ki, öz xidmətlərinə özü qiymət qoyur və özü nəzarət edir; necə deyərlər, milyonlarla abunəçi onların qərarlarından tam asılı vəziyyətdədir. Bu tamamilə absurd vəziyyətdir, nonsesdir.
Məlumdur ki, regionlarda əhalinin sosial vəziyyəti paytaxtla müqayisədə çox aşağıdır. Bunu gəlirlərin statistikası, orta maaş və digər rəsmi rəqəmlər də təsdiq edir. Paralel olaraq, bölgə sakinlərinin sürətli internet xidmətlərinə tələbatı da mərkəzlə müqayisədə aşağıdır; bu sırf ehtiyac məsələsidir, kəndlərdə internet daha çox rabitə üçün istifadə olunur. Paytaxtda və iri şəhərlərdə telekommunikasiya, biznes strukturları və s. qurumlar keyfiyyətli internetdən istifadə edirlər.
Amma provayderlər inhisarçı mövqeyindən istifadə edərək regionlarda minimum 25 manatlıq internet paketi təklif edir. Xidmət göstərən şirkətlər arasında kartel sövdələşməsi var, abunəçinin seçim imkanı yoxdur. Bu qiymət təqaüdçülər, sosial yardım hesabına yaşayanlar, habelə gəliri günəmuzd işlərdən çıxanlar üçün ağır yükdür. Deyək ki, provayderlər bunu nəzərə almırlar, onları idarə edənlər son zamanlar idarəçiliyi biznes təfəkkürlü adamlara həvalə ediblər, gəlirdən başqa heç nə maraqlanmırlar.
Bəs sosial qurumlar, parlament bu hegemonluğa niyə etiraz etmir? Axı, bu vətəndaşlara qarşı dövlət şirkətlərinin sözlə ifadə edilməyəcək dərəcədə haqsızlığıdır, onların güzəranını pisləşdirir.
Bir məqam da abunəçilərə 25 manata satılan internetin iddia olunduğu kimi 100 Mb/s sürətə malik olmamasıdır. Sosial şəbəkə istifadəçiləri bu barədə çoxsaylı şikayətlər edirlər. Bildirilir ki, verilən internet keyfiyyətsizdir, tez-tez qırılmalar olur, bəzən xidmət günlərlə dayandırılır, sürət isə ən yaxşı halda 30-40 Mb/s ola-olmaya.
Beləliklə, Azərbaycanda inhisarçı rabitə şirkətlərinin əhalinin başına açdığı oyunlar, onlara nəzarətin olmaması və vətəndaş hüquqlarının tapdalanması dərin təəssüf və kədər doğurur. Vətəndaşlar belə qaba, kobud və soyğunçu davranışı haqq etmirlər. Bu şirkətlərin başında durub ayda on minlərlə manat maaş alanlar gəlirlərin insanlardan necə çıxarıldığının fərqində deyillər. O maaşlar halal deyil; orada minlərlə insanın ahı, qarğışı və nifrəti var.
E. Rüstəmli
“AzPolitika.info”

Şərhlər
RABJTƏ.SAHƏSİNDƏ.RABİTƏDƏN XƏBƏRİ OLMAYANLR MEYDAN SULAYIR,YAXŞI NƏSƏ GÖZLƏMƏYİN.