Avropanın beş ölkəsi – Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın xarici işlər nazirlikləri bəyanat yayaraq bildirib ki, Rusiyalı mərhum müxalifətçi Aleksey Navalnı 2024-cü ildə həbsxanada epibatidindən zəhərlənmə nəticəsində ölüb.
Bəyanatda deyilir ki, onlar Navalnının məhz epabitidinlə öldürülməsindən əmindirlər. “Navalnı həbsxanada ölüb, bu isə o deməkdir ki, Rusiya hakimiyyətinin müxalifətçini zəhərləmək üçün vasitələri, motivi və imkanları olub”, – bəyanatda deyilir və Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını dəfələrlə pozduğuna görə məsuliyyətə cəlbinin vacibliyi vurğulanır.
Navalnının həyat yoldaşı Yuliya Navalnaya bu bəyanatdan sonra tvitində yazıb ki, “İlk gündən ərimin zəhərlənməsindən əmin idim, indi isə buna sübut var: Putin Alekseyi kimyəvi silahla öldürüb”.
Navalnaya Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırıb, onun cinayətlərə görə məsuliyyətə cəlb edilməli olduğunu deyib.
Mənbə: Azadlıq Radiosu

Şərhlər