Ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.

"İsrailin Minab şəhərindəki məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir", - deyə o bildirib.

***

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.

Bu barədə "Tasnim" agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.

***

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir. 

Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.

Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

***

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.