İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranda həyata keçirilən əməliyyat zamanı “əhəmiyyətli nailiyyətlər” əldə olunduğunu bildirib, lakin qarşıda hələ “bir neçə günlük döyüşlərin” olduğunu vurğulayıb.

APA xəbər verir ki, O, bu barədə martın 1-də Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin qərargahında keçirilən müşavirədən sonra yayımlanan videomüraciətdə danışıb.

Zamir qeyd edib ki, kampaniyanın başlanmasından 48 saatdan az vaxt keçib və əməliyyat davam edir:

“Biz güclü sürprizlə başladıq və kampaniyanın gedişinə və nəticələrinə təsir edən çox mühüm nailiyyətlər əldə etdik. Artıq indidən deyə bilərik ki, ilkin mərhələdə qazandığımız nəticələr yekun vəziyyətə təsir göstərəcək.”

Baş Qərargah rəisi əlavə edib ki, əsas məqsədlərdən biri İsrailin daxili cəbhəsinə yönəlmiş təhdidlərin azaldılmasıdır.

“Hazırda səbir tələb olunur. Biz müttəfiqimizlə sıx əməkdaşlıq edirik və ABŞ ordusu ilə koordinasiya heç vaxt olmadığı qədər güclüdür”, – deyə Zamir bildirib.

O, həmçinin İsrailin digər istiqamətlərdəki vəziyyəti də izlədiyini və ölkəyə qarşı hər hansı çağırışa “qətiyyətlə cavab veriləcəyini” vurğulayıb.