“İranın Ekspertlər Məclisi sui-qəsd nəticəsində öldürülən Əli Xameneinin oğlu Müctəba Xameneini İslam Respublikasının yeni Ali Lideri seçib”.
“AzPolitika” xəbər verir ki, bu barədə Londonda yerləşən müxalif “İran International” televiziya kanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, təyinat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi altında baş verib. SEPAH Xameneinin ölümündən sonra siyasi qeyri-sabitliyin qarşısını almaq üçün varisin tez bir zamanda müəyyən edilməsində israr edib. Bu arada, 88 yüksək vəzifəli şiə ruhanisinin daxil olduğu məclis ABŞ və İsrailin davam edən hava hücumları səbəbindən toplana bilməyib və qərarın hansı formada qəbul edildiyi açıqlanmır.
Müctəba Xameneinin yeni ayətullah seçilməsi “Deutsche Welle” nəşrinin Tehrandakı mənbələri tərəfindən də təsdiqlənib. İran hakimiyyəti və mediası hələlik bu xəbəri rəsmi olaraq açıqlamayıb. Bundan əvvəl üç İran rəsmisi “The New York Times” (NYT) qəzetinə bildirib ki, Müctəba Xamenei Ali Lider vəzifəsinə əsas namizəddir və onun təyinatı bu gün səhər rəsmi olaraq elan edilə bilər. Lakin onlar əlavə ediblər ki, Tehran Xameneinin oğlunun ayətullah elan edildikdən dərhal sonra ABŞ və İsrail üçün yeni hədəfə çevrilə biləcəyindən qorxur. Qeyd olunur ki, İranda heç də hər kəs bu qərardan məmnun olmayacaq, çünki hakimiyyətin atadan oğula ötürülməsi şiə müsəlman ruhaniləri tərəfindən xoş qarşılanmır.
56 yaşlı Müctəba Ayətullah Əli Xameneinin ikinci oğludur. O, atasının və digər nüfuzlu müəllimlərinin yanında ilahiyyat təhsili alıb və sonradan ruhani olub. Müctəba həmçinin Qumdakı seminariyada ilahiyyat dərsi verib.
“AzPolitika.info”

Şərhlər