İrandan buraxılan və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, raketin zərərsizləşdirilməsindən sonra Hatay vilayəti ərazisinə düşən sursat qalıqları hər hansı təhlükə yaratmayıb.
Nazirlik vurğulayıb ki, Türkiyə öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir və bu istiqamətdə qətiyyət nümayiş etdirməyə davam edəcək. Rəsmi Ankara bəyan edib ki, ölkənin torpaqlarının və hava məkanının müdafiəsi üçün bütün zəruri addımlar tərəddüdsüz atılacaq və Türkiyəyə qarşı yönələn hər hansı düşmən addıma cavab vermək hüququ saxlanılır.
Bununla yanaşı, tərəflərə çağırış edilərək münaqişənin regionda daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmələri istənilib. Türkiyə bu məsələ ilə bağlı NATO və digər müttəfiqlərlə məsləhətləşmələri davam etdirəcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da açıqlama yayıb.
"İrandan atılaraq İraq və Suriya hava məkanından keçib Hatay bölgəsi üzərindən hava məkanımıza yönələn bir raket NATO hava müdafiə sistemləri tərəfindən məhv edilmişdir. Qarşısını alan raketin bir hissəsi Hatayın Dörtyol rayonunda açıq əraziyə düşmüşdür və hər hansı can itkisi və ya xəsarət qeydə alınmamışdır. Qurumlarmız prosesi anbaan və tam koordinasiya şəraitində izləyib" - deyə, o, bildirib.
"AzPolitika.info"

Şərhlər