İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin onun varisi kimi seçildiyi bildirilir.
"AzPolitika"-nın "Reuters" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Ayətullah Hüseynəli Eşkevari açıqlama verib.
Eşkevarinin sözlərinə görə, Xamenei soyadı ölkənin ali rəhbərliyində qalacaq. O qeyd edib ki, səsvermə prosesi artıq başa çatıb və qərarın rəsmi şəkildə elan olunması yaxın vaxtlarda gözlənilir.
Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də bu məlumatı təsdiqləyib. O bildirib ki, İranın yeni Ali Lideri artıq müəyyənləşdirilib və Xamenei soyadı bu vəzifədə davam edəcək.
Bu məlumatı Ekspertlər Şurasının daha bir üzvü "Al‑Hadath" televiziyasına açıqlamasında təsdiqləyib.
Xatırladaq ki, İran Ekspertlər Məclisi bir müddət əvvəl Ali Rəhbərin varisi ilə bağlı razılıq əldə olunduğunu açıqlasa da, seçilən şəxsin kimliyi barədə məlumat verməmişdi.
Qeyd olunurdu ki, son dövrlərdə bu vəzifəyə ən real namizəd kimi Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei göstərilirdi. Bundan əlavə, şənbə günü onun bombardman nəticəsində yaralandığı barədə xəbərlər də yayılmışdı.
Seyid Müctəba Hüsseyni Xamenei 8 sentyabr 1969-cu ildə Rəzəvi Xorasan əyalətinin mərkəzi Məşhəd şəhərində doğulub. O, İranın keçmiş lideri Əli Xameneinin ikinci övladıdır. Məktəbi bitirdikdən sonra ilahiyyat təhsili alıb. İlk müəllimləri arasında Ayətullah Seyid Mahmud Haşimi Şarudi və öz atası Əli Xamenei olub.
O, 1987-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.
1999-cu ildə Qum şəhərinin dini mərkəzində təhsilini davam edib, sonra ruhani səviyyəsinə qalxıb.
Müctəba, həmçinin 2009-cu il seçkiləri ilə bağlı kütləvi etirazları yatırmaq üçün istifadə edilən "Bəsic" milislərinə nəzarət edib.
O, uzun illərdir atasının yerinə keçəcək ən iddialı namizədlərdən biri hesab olunurdu. Onun SEPAH liderləri arasında böyük nüfuza malik olduğu deyilir.
Müctəba Xamenei bir vaxtlar İran prezidenti Mahmud Əhmədinejada yaxınlığı ilə seçilib, 2005-ci, eləcə də 2009-cu il prezident seçkilərində onu dəstəkləyib. 2009-cu ilin iyununda baş verən "Yaşıl hərəkat" zamanı hökumət əleyhinə nümayişçilərə qarşı repressiyaların təşkilində onun əsas rol oynadığı güman edilir.
Müctəba 2004-cü ildə Zəhra Həddad-Adil (keçmiş parlament spikerinin qızı) ilə evlənib və onların 2007-ci ildə Əli adlı bir oğlu doğulub. Lakin MÜctəbanın Anası Mənsurə Xocastə Bağırzadə, eləcə də Müctəbanın həyat yoldaşı və oğlu İsrailin 28 fevral 2026-cı il hücumu zamanı Əli Xamenei ilə birlikdə həlak olublar.

Şərhlər