Bu gün Azərbaycanda Ramazan ayının sonuncu Qədr gecəsi qeyd olunur.

Qurani-Kərim 23 il ərzində hissə-hissə şəkildə Məhəmməd peyğəmbərə nazil edilmişdir. İslam inancına görə isə vəhyin başlanğıcı məhz Qədr gecəsinə təsadüf edir.

Qeyd edək ki, Azərbaycanda Ramazan (Fitr) bayramı Şəvval ayının 1-i – martın 20-də qeyd olunacaq. Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə 20 və 21 mart tarixləri Ramazan bayramı günləri kimi müəyyən edilib.

Qədr gecəsi İslamda Qurani-Kərimin ilk ayələrinin nazil olduğu müqəddəs gecə kimi qəbul edilir. Bu gecə Quranda xüsusi şəkildə qeyd olunur və onun min aydan daha xeyirli olduğu bildirilir.

İslam inancına görə, Qədr gecəsində edilən dualar və ibadətlər Allah dərgahında daha çox qəbul olunur, insanların günahlarının bağışlanması üçün mərhəmət qapıları açılır. Bu gecə ənənəvi olaraq Ramazan ayının son on gününün tək gecələrindən birinə təsadüf edir. Dəqiq vaxtı gizli saxlanıldığı üçün möminlər həmin günlərdə daha çox ibadət etməyə çalışırlar.

Ümumiyyətlə, müqəddəs Ramazan ayı mərhəmət və şəfqət ayı kimi də tanınır. Bu müddətdə iftar süfrələri təşkil etmək, xeyriyyəçiliklə məşğul olmaq, ehtiyacı olan insanlara, kimsəsizlərə, uşaq evlərinə və ahıl şəxslərə kömək göstərmək savab əməllərdən sayılır. Həmçinin Qurani-Kərim oxumaq, valideynlərə qayğı göstərmək, dünyasını dəyişənlərin ruhunu yad etmək, elm və ibadətlə məşğul olmaq bu ayda ən dəyərli əməllər hesab olunur.

"AzPolitika.info"