ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi raket hücumu ilə bağlı yeni iddialar ortaya çıxıb. 

Məlumata görə, İsrail və ABŞ-nin İrana hücumu zamanı Müctəba Xamanei son anda xilas olub.

İngiltərənin "The Telegraph" nəşrinin yaydığı xəbərə görə, sızdırılmış səs yazısında bildirilir ki, hücumdan bir neçə dəqiqə əvvəl Müctəba Xamenei binanın həyətinə çıxıb. Bu səbəbdən raketlər binaya düşən zaman o, içəridə olmayıb və yalnız ayağından yaralanaraq sağ qalıb.

Səs yazısının İranın keçmiş dini liderinin ofisində protokol üzrə məsul şəxs olmuş Mazahir Husseinin martın 12-də Tehranda yüksək rütbəli din xadimləri və İnqilab Keşikçiləri komandirləri ilə keçirdiyi qapalı iclasdakı çıxışına aid olduğu iddia edilir.

Məlumatda həmçinin qeyd olunur ki, hücum birbaşa Xamenei ailəsinin yaşadığı əraziyə yönəlib və partlayışlar son dərəcə güclü olub. Bildirilir ki, dini liderin hərbi ofisinin rəhbəri Məhəmməd Şirazinin cəsədi parçalanıb və şəxsiyyəti yalnız qalıqlar əsasında müəyyən edilib. 

Xatırladaq ki, İranın keçmiş ali dini lideri Ayətullah Əli Xamenei, qızı, kürəkəni, gəlini və nəvəsi ABŞ və İsrailin endirdiyi hava zərbələri nəticəsində həyatını itirib.

"AzPolitika.info"