"Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb Müəssisəyə getməməsi üçün hər ay 120 manat pul vermişik"

Ucar Rayonu Azərbaycan küçəsi ev 6 da yaşayan Aslanovlar ailəsi tərəfindən "AzPolitika.info"ya maraqlı bir şıkayət məktubu daxil olub. Aslanov Ağanur Əmir oğlu və Aslanova Rəqimə Məhəmmədəli qızı tərəfindən göndərilən məktubda 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsində ciddi qanunsuzluq faktlarının baş verdiyi iddia edillir. Həmin məktubu kiçik ixtisar və zəruri redaktə ilə dərc edirik:

"Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşı bizi aldadıb 1500 manat pulumuzu alsalar da, məhkum oğlumuz Elnur Aslanovun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür.

Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb Müəssisəyə getməməsi üçün hər ay 120 manat pul vermişik.

İmkanımız olmadı deyə təyin edilmiş aylığı ödəyə bilmədik. Buna görədə oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər. İndidə onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik. Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda belə edirlər. Bu haqsızlıqdır.

Gedib yoxlasınlar 2 saylı MTCÇM-də heç bir nəfər də olsun belə məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq sənəddə orada 1000 yaxın məhkumun saxlanılması qeyd edilir.Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəsisəinə qaytarırlar.Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər.

Zəng edib 2-saylı MTCÇM-nin Seymur adlı əməkdaşından pulumuzu qaytarmasını istəmişik. Ancaq hələdə pulumuzu qaytarmayıblar.

Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Cəzasını 6 saylı CÇM-də çəkib. Bu ilin may ayı tarixində cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik etsin".

Məktubda göstərilənlərlə bağlı, Penitensiar Xidmətin, eləcə də 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

VAQİF

AzPolitika.info