Menu

“Ehtiyatlanıb məni prezidentlə görüşə dəvət etmədilər” – Mehman Əliyev

25.11.2013, 16:11
“Ehtiyatlanıb məni prezidentlə görüşə dəvət etmədilər” – Mehman Əliyev

Turan-ın rəhbəri İlham Əliyevlə görüşdə iştirak etməməsindən danışdı

“Prezidentlə dünənki görüşə mənim dəvət olunmamağım təəcüblü olmadı. Çünki mənim mövqeyim orda yığışan adamların mövqeyindən fərqlidir. Mən yeganə adamam ki, 90-cı və 2000-ci illərdə azad mətbuat uğrunda aparılan mübarizənin üstündə dayanıram və bu mübarizəni davam etdirirəm. Mən nə onlardan vəsait, nə də mənzil almışam. Ona görə də o görüşdə olmamağım normal haldır”.

Bunları Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, prezidentlə KİV rəhbərlərinin dünənki görüşündə iştirak etməməsinin səbəbləri haqda “AzPolitika.info”-ya danışarkən deyib.

M.Əliyev bildirib ki, İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunduğu sorğuda iştirak etməyib və ümumiyyətlə “prezidentə minnətdarlıq” tədbirinə ehtiyac görmürdü.

Qeyd edək ki, əvvəlki illərdə prezidentlə KİV rəhbərlərinin görüşündə, mətbuatla bağlı digər rəsmi tədbirlərdə Mehman Əliyevin adı dəvətlilər sırasında olubdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə dünənki görüşdən sonra bildirib ki, KİV-lər arasında heç bir ayrıseçkiliyə yol verilməyib. Lakin istisnasız olaraq görüşə yalnız baş redaktorlar dəvət olunduğundan xaricdə olan bəzi qəzet və agentlik rəhbərləri tədbirdə iştirak edə bilməyiblər. Lakin Mehman Əliyev dünən və ondan əvvəlki günlərdə Bakıda olub.

“Turan”ın rəhbəri deyir ki, prezidentlə görüş, digər tədbirlərə onu Heydər Əliyevin dövründə dəvət edirdilər.

“Məni Heydər Əliyevin dövründə dəvət edirdilər və mən də mövqeyimi açıq şəkildə bildirirdim. İndi də mən bunu edəcəkdim. Amma onlara bu lazım deyildi. Ona görə də ehtiyatlanıb məni dəvət eləmədilər. İstəsəydilər bu barədə mənimlə oturub danışa bilərdilər”.

Mehman Əliyev prezidentlə KİV rəhbərlərinin dünənki görüşündən müsbət nəticə gözləmir. Deyir ki, bu görüş formal xarakterli idi.

“Mən hesab edirəm ki, bu görüş Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Vilnüsdə keçiriləcək zirvə görüşünə hesablanıb. Bu sammit ərəfəsində göstərmək istəyirlər ki, Azərbaycanda dövlətin mediaya qayğısı var.”

R.Əliyev

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol