Dünya ictimaiyyətinin diqqəti artıq 34 gündür davam edən ABŞ–İsrail–İran qarşıdurmasına yönəlib. Qlobal enerji və təchizat zəncirlərini ciddi şəkildə sarsıdan bu müharibədə gərginlik getdikcə artır və tərəflərin ritorikası daha sərtləşir.

"AzPolitika"  Türkiyə mediasına istinadən xəbər verir ki,İran İnqilab Keşikçiləri Korpusunun “Hatemul-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari bildirib ki, İran ABŞ və İsrailə qarşı daha genişmiqyaslı, sarsıdıcı və dağıdıcı hücumlar həyata keçirəcək. Sözçü Zülfikari ABŞ Prezidenti Donald Trampın xalqa müraciətindən sonra açıqlama verib.

Zülfikari deyib: “Daha əvvəl də qeyd etdiyimiz kimi, ABŞ və sionist düşmənlərə açıq şəkildə bildiririk: Sizin bizim hərbi gücümüz, qüvvələrimiz və texnikamız haqqında məlumatınız natamamdır. Genişmiqyaslı və strateji imkanlarımız barədə heç nə bilmirsiniz. Strateji raket istehsalı mərkəzlərimizi, uzaqmənzilli hücum və yüksək dəqiqlikli zərbə endirən pilotsuz uçuş aparatlarımızı, müasir hava hücumundan müdafiə və elektron müharibə sistemlərimizi və xüsusi texnikamızı məhv etdiyinizi düşünərək yanılmayın. Belə bir düşüncə sizi düşdüyünüz bataqlığa daha da dərin aparacaq.”

Zülfikari əlavə edib: “Hədəf aldığınızı düşündüyünüz obyektlər əhəmiyyətsizdir, strateji hərbi istehsalımız isə sizin heç vaxt xəbərdar olmadığınız və heç vaxt çata bilməyəcəyiniz yerlərdə həyata keçirilir. Raketlərimizi, pilotsuz uçuş aparatlarımızı və strateji texnikamızı saymağa çalışmanıza ehtiyac yoxdur, çünki mütləq səhv edəcək və heç bir nəticə əldə etməyəcəksiniz. Şərəfli və müsəlman xalqa qarşı başlatdığınız təcavüzün bədəlini ödəməli olacaqsınız. Bu müharibə sizin daimi, qəti və son məğlubiyyətinizə və əzab çəkməyinizə qədər davam edəcəkdir. İndiyə qədər aldığınız sərt və təsəvvür olunmaz zərbələrin davamı olaraq daha sarsıdıcı, genişmiqyaslı və dağıdıcı əməliyyatlarımızı gözləyin.”

Qeyd edək ki, region ölkələrinin rəsmi məlumatlarına əsasən, İran tərəfindən həyata keçirilən hücumların miqyası son dərəcə genişdir:

-BƏƏ – 438 ballistik raket, 2000-dən çox PUA zərərsizləşdirilib;

-Küveyt – 300-dən çox raket və yüzlərlə PUA;

-Bəhreyn – 186 raket, 400-dən çox PUA;

-Qətər – 200-dən çox raket hücumu;

-Səudiyyə Ərəbistanı – 1000-dən çox pilotsuz aparat hücumu;

-İordaniya və Oman da hücumlara məruz qalıb.

Məlumatlara görə, hücumların yalnız təxminən 15 faizi birbaşa İsrail ərazisinə yönəlib. 

ABŞ Prezidenti Donald Trampdan müharibənin sonu ilə bağlı açıqlama

ABŞ Prezidenti Donald Trump Ağ Evdə çıxışı zamanı müharibənin yaxın həftələrdə başa çata biləcəyini bildirib: “2-3 həftə ərzində əsas hərbi hədəflərimizi tamamlaya bilərik. Çox sərt zərbələr endiriləcək.”

Tramp əlavə edib ki, razılaşma əldə olunmasa, İranın enerji infrastrukturu, o cümlədən elektrik stansiyaları hədəfə alınacaq.

İran rəsmiləri strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edərək bildiriblər ki, bu keçid “İranın düşmənləri üçün bağlana bilər”. Bu isə qlobal enerji bazarları üçün ciddi risk hesab olunur. 

Bu arada Yəməndəki husilər Babülməndəb boğazını bağlamaqla hədələyib. ABŞ isə Bağdaddakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb;

Mövcud vəziyyət göstərir ki, münaqişə artıq lokal çərçivəni aşaraq regional müharibə xarakteri alır. Diplomatik həll perspektivləri isə zəifləyir

İranın “daha dağıdıcı hücumlar” mesajı isə yaxın günlərdə qarşıdurmanın yeni, daha təhlükəli mərhələyə keçə biləcəyini göstərir.

"AzPolitika.info"