Britaniyanın “The Times” qəzeti İranın Ali Rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə yazıb.

Modern.az xəbər verir ki, qəzetin iddiasına görə, Müctəba Xameneinin son günlər bəzi İran Teleqram kanallarında yayılan videogörüntüsü süni intellektin məhsuludur.

Bu iddia isə İrana təcavüz edən  ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanır.

İddaya görə, Müctəba atasının, Əli Xameneinin qətlə yetirildiyi hücumda (28 fevralda) yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

“The Times” isə iddia edir ki, Muctəba Xamenei şüurunu itirib və hətta koma vəziyyətindədir. Onun hazırda İranın Qum şəhərindəki gizli xəstəxanalardan birində müalicə olunduğu qeyd edilir. Qum şəhəri İranın şiə dini mərkəzlərindən biridir.

Məlumatlarda o da iddia olunur ki, Muctəba Xamneyi qərarvermə proseslərində iştirak edə bilmir və ictimai görünüşü son dərəcə məhduddur. Sosial mediada yayılan süni intellektlə hazırlanmış videolar onun fəaliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Məlumatda o da bildirilir ki, Qum şəhərində ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

Fevralın 28-də edilən hücum nəticəsində Əli Xamenei, qızı, kürəkəni, nəvəsi və gəlini həlak olublar.

Xarici mətbuatın məlumatında o da vurğulanır ki, hazırda İranı İnqilab Keşikçiləri Korpusu (SEPAH) idarə edir. 

Qeyd edək ki, İran tərəfi bu iddiaları rədd edir, Xameneinin vəzifəsin icra etdiyini bildirir.    

***

ABŞ və İsrailin birgə hücumları zamanı ağır yaralandığı iddia edilən İranın yeni dini lideri Müctəba Xamaneinin görüntüləri yayılıb.

İran mediasında yer alan kadrlarda onun hərbi əməliyyat otağına daxil olduğu anlar əks olunub. Görüntülərdə otaqda olan yüksək rütbəli hərbi şəxslərin Xamenei içəri daxil olduqda ayağa qalxdığı görünür. 

Otaqdakı böyük ekranda isə İsrail ərazisində yerləşən "Dimona" nüvə mərkəzinin xəritəsi və koordinatlarının nümayiş olunduğu diqqət çəkib. Bu detal İranın İsrailin nüvə infrastrukturunu birbaşa hədəf ala biləcəyinə dair bir mesaj kimi şərh edilib.

Ekspertlər hesab edirlər ki, video sadəcə "görüntülərin paylaşılması" deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin İranın nüvə obyektlərinə keçmiş hücumları nəzərə alınmaqla, Tehranın Dimonanı hədəf alması "qisas siqnalı" kimi şərh olunub.

"AzPolitika.info"