Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı çərçivəsində bir sıra məşhurlar saxlanılıb.
Saxlanılanlar arasında məşhur müğənnilər Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Mustafa Ceceli, Ersay Üner, Bengü, eləcə də digər şəxslər yer alır.
İstanbul Baş Prokurorluğun açıqlamasında bildirilib ki, əməliyyat narkotik və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması və istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Toplanan sübutlar və daxil olan məlumatlar əsasında məhkəmə qərarı ilə eyni vaxtda axtarış və saxlanma tədbirləri icra olunub.
Simge Sağının meneceri açıqlamasında bildirib ki, onun evində aparılan axtarış zamanı heç bir qanunsuz maddə aşkar edilməyib. Qeyd olunub ki, ifaçı yalnız həkim nəzarəti altında təyin olunan dərmanlardan istifadə edir.
Məlumata görə, saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçiriləcək, daha sonra narkotik test üçün ekspertizaya göndəriləcək və ardınca ifadə vermək üçün məhkəməyə çıxarılacaqlar. Prokurorluğun qərarından asılı olaraq, onların sərbəst buraxılması və ya məhkəməyə göndərilməsi müəyyən ediləcək.
Qeyd edək ki, bu əməliyyatlar 2025-ci ilin oktyabr ayından etibarən davam edən genişmiqyaslı istintaqın tərkib hissəsidir və indiyədək çoxsaylı tanınmış şəxslər bu çərçivədə saxlanılıb.
"AzPolitika.info"

Şərhlər