Menu

Azərbaycan-Hindistan münasibətlərində yeni dövr – Nələr dəyişir?

23.10.2026, 17:59
Azərbaycan-Hindistan münasibətlərində yeni dövr – Nələr dəyişir?

Azərbaycanla Hindistan arasında münasibətlərin gələcək inkişafı və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında diplomatik dialoqun davam etdirilməsi və qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Uzun tarixi köklərə malik Azərbaycan-Hindistan münasibətləri təkcə mədəni əlaqələrlə məhdudlaşmır. Enerji, investisiya, rəqəmsal texnologiyalar və turizm kimi sahələrdə mövcud imkanlar əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər yaradır. Hindistanın iqtisadi və texnoloji potensialı, Azərbaycanın isə regionda mühüm geosiyasi mövqeyi tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı üçün əlavə imkanlar vəd edir. Eyni zamanda, beynəlxalq platformalarda əməkdaşlıq və ortaq iqtisadi maraqlar ikitərəfli münasibətlərin gələcək istiqamətlərinə təsir göstərə bilər. 

Bəs son təmaslar Azərbaycan-Hindistan münasibətlərində hansı dəyişikliklərə yol açacaq? İki ölkə arasında yaranan yeni əməkdaşlıq imkanları iqtisadi və siyasi baxımdan hansı nəticələri doğura bilər?


Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Azərbaycan-Hindistan münasibətlərində dialoqun fəallaşması və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər: "Bu görüş iki ölkə arasında münasibətlərin daha konstruktiv müstəviyə keçməsi üçün qarşılıqlı siyasi iradənin əhəmiyyətini ön plana çıxarır. Azərbaycan hər zaman xarici siyasətində qarşılıqlı hörmət, suverenlik və milli maraqlar prinsiplərinə əsaslanaraq müxtəlif dövlətlərlə əməkdaşlığa açıq olduğunu nümayiş etdirib. Hindistanla münasibətlər də bu yanaşmanın tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Hindistan qədim sivilizasiyalara malik ölkələrdir və xalqlarımız arasında tarixi-mədəni əlaqələr mövcuddur. Azərbaycanda Hindistan mədəniyyətinin izlərini əks etdirən tarixi abidələr, xüsusilə Atəşgah məbədi bu əlaqələrin dərin köklərə malik olduğunu göstərir. Müasir mərhələdə isə Qlobal Cənub çərçivəsində dialoq, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq iki ölkənin maraqlarının kəsişdiyi istiqamətlər sırasındadır.

Digər tərəfdən, Hindistanın qlobal iqtisadiyyatda, texnologiya və rəqəmsal infrastruktur sahələrində artan imkanları Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açır. Xüsusilə enerji, investisiya, yüksək texnologiyalar, nəqliyyat və turizm sahələrində qarşılıqlı maraqların genişləndirilməsi mümkündür".

Politoloqun sözlərinə görə, Hindistan şirkətlərinin Azərbaycanın enerji layihələrində iştirakı artıq iqtisadi əməkdaşlıq üçün müəyyən təməl formalaşdırıb: "Sentyabrda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Hindistanın UFlex qrupu ilə Azərbaycan Biznesinin İnkişafı Fondu arasında birgə müəssisənin yaradılmasına dair sazişin imzalanması da bu baxımdan diqqətəlayiqdir. Prezident İlham Əliyevin Hindistanın xarici işlər nazirini qəbul etməsi zamanı siyasi, iqtisadi, yüksək texnologiyalar və humanitar sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunması münasibətlərin inkişafı üçün ortaq maraqların mövcudluğunu göstərir. Hesab edirəm ki, Hindistan kimi beynəlxalq siyasətdə mühüm çəkiyə malik dövlətlə münasibətlərin inkişafı Azərbaycanın çoxşaxəli xarici siyasətinə uyğun olmaqla yanaşı, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və regional bağlantılar üçün də əlavə imkanlar yarada bilər".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol