ABŞ İranın Qətərdə və digər bəzi xarici banklarda saxlanılan maliyyə aktivlərinin dondurulmasını ləğv etməyə razılaşıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi İslamabadda iki ölkənin nümayəndə heyətləri arasında planlaşdırılan görüşdən əvvəl İrandakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehranın vəsaitlərinin dondurulmasının ləğvi "birbaşa Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə bağlıdır" və bunun danışıqlarda əsas məsələ olacağı gözlənilir. Qeyd olunur ki, İran ABŞ-nin bu niyyətini danışıqlar prosesi və razılığa gəlməklə bağlı "ciddilik" əlaməti kimi görür.
Söhbət Qətərin saxladığı İranın 6 milyard dollarlıq dondurulmuş vəsaitindən gedir. Ümumilikdə İranın dondurulan vəsaitləri 100 milyard dollardan çox qiymətləndirilir. Bu 6 milyard Vaşinqton tərəfindən 2018-ci ildə dondurulub.
Bu vəsaitlər Cənubi Koreyanın İran neftinə görə ödənişidir və Donald Trampın 2018-ci ildə ilk prezidentlik dövründə İrana qarşı sanksiyaları bərpa etməsindən, İranla nüvə sazişini ləğv etməsindən sonra dondurulub.
Xatırladaq ki, bu gün ABŞ vitse-prezidenti C.D. Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti, o cümlədən Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Pakistana gəlib. Qarşı tərəfdən İran Parlamentinin spikeri Məhəmməd Qalibaf və Xarici işlər naziri Abbas Əraqçi danışıqlarda iştirak edəcəklər. Onlar dünən İslamabada gəliblər.
“AzPolitika.info”

Şərhlər