Bu ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 min 359 nəfər olub.
Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıqlayıb. Statistikaya əsasən, müavinət alanların 37,9 faizini kişilər, 62,1 faizini isə qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricidə artım qeydə alınıb. Belə ki, 2025-ci ilin mart ayında yaşa görə sosial müavinət alanların sayı 161 min 623 nəfər olub. Bir il ərzində bu göstərici 10 min 736 nəfər və ya 6,6 faiz artıb.
Son 5 ildə yaşa görə sosial müavinət alanların sayı 47 faizə yaxın artıb
Maraqlıdır ki, son illər Azərbaycanda yaşa görə sosial müavinət alanların sayında davamlı artım müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2022-ci ildə 113,6 min nəfər olan bu kateqoriyaya aid insanların sayı 2026-cı ilədək 166,7 min nəfərə yüksəlib. Son beş ildə yaşa görə sosial müavinət alanların sayı 53,1 min nəfər artaraq təxminən 47 faiz yüksəlib. Statistik dinamika göstərir ki, artım hər il sabit şəkildə davam edib - 2023-cü ildə göstərici 128,3 min nəfərə, 2024-cü ildə 143,7 min nəfərə, 2025-ci ildə isə 156,2 min nəfərə çatıb.

Ekspertlər artımı bir neçə amillə izah edirlər. Bunlara pensiya almaq üçün tələb olunan yüksək pensiya kapitalını toplaya əmək stajı ilə bağlı məlumatları təsdiqlədə bilməyən şəxslərin sosial müavinət sisteminə yönəlməsi, əhalinin yaşlanması və dövlətin sosial müdafiə mexanizmlərini sərtləşdirməsi kimi amillər daxildir.
Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə kişilər və qadınlar üçün pensiya yaşı müəyyən edilib. Qanunvericiliyə əsasən, iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatdırılacaq. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı eyni – 65 il olacaq. Məlum olduğu kimi, kişilər üçün pensiya yaşı artıq bir neçə il əvvəl 65 yaşda sabitləşib və bu göstərici dəyişməz qalır. Qadınlar üçün isə mərhələli artım prosesi davam etdirilirdi və 2026-cı ilin 1 iyulunda bu proses yekunlaşacaq.
Qanunun tələblərinə görə, vətəndaş pensiya yaşına çatdıqda onun fərdi hesabında toplanmış pensiya kapitalı minimum pensiya məbləğindən az deyilsə, sığorta stajından asılı olmayaraq əmək pensiyası almaq hüququ qazanır. Əgər bu kapital kifayət etməzsə, həmin şəxsin ən azı 25 il sığorta stajına malik olması tələb olunur. Başqa sözlə, bu gün 172 min 359 nəfər ona görə pensiya deyil, yalnız sosial müavinət ala bilirlər ki, onlar tələb olunan pensiya kapitalını toplaya bilməyiblər.
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, yaşa görə sosial müavinət pensiya yaşına çatmış, lakin pensiya almaq hüququ olmayan şəxslərə verilir.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən pensiya hüququ iki formada yaranır: "Ya azı 25 il rəsmi iş stajı olmalıdır (harada işləməyin fərqi yoxdur), ya da minimum pensiya məbləğini təmin edəcək qədər pensiya kapitalı formalaşmalıdır. Məsələn, şəxsin 15 il stajı varsa, bu zaman onun pensiya kapitalına baxılır. Pensiya hesablanarkən 144 əmsalı tətbiq olunur və bu əmsal minimum pensiya məbləği ilə vurulur. Hazırda minimum pensiya məbləği 320 manatdır və ötən il təxminən 15 faiz artırılaraq 280 manatdan 320 manata yüksəldilib. Bu hesablamaya görə, pensiya hüququnun yaranması üçün təxminən 46 080 manat pensiya kapitalı və ya 25 illik rəsmi iş stajı tələb olunur. Bu iki şərtdən biri ödənildikdə şəxsin pensiya hüququ formalaşır".
Xalid Kərimli bildirib ki, yaşa görə sosial müavinət alanların sayının artması bir neçə amillə bağlıdır:"Əhalinin gəlirlərinin bir hissəsi minimum pensiya artım tempindən geri qalır. Digər tərəfdən, buna əmək bazarında şəffaflaşma prosesi təsir göstərir. Son illərdə bu proses sürətlənsə də, 15–20 il əvvəl bir çox insan əmək müqaviləsi olmadan çalışıb və bu da onların rəsmi staj toplamasına mane olub".
İqtisadçının sözlərinə görə, əsas problemlərdən biri rəsmi gəlirlərin aşağı olması, digəri isə insanların 25 illik sığorta stajını toplaya bilməməsidir:"Bu şərtlər ödənilmədikdə hökumət həmin şəxslərə yaşa görə sosial müavinət təyin edir. Bu müavinət minimum pensiyadan aşağı olur və daha çox sosial dəstək xarakteri daşıyır. Məqsəd isə həmin şəxslərin minimum yaşayış səviyyəsini təmin etmək və sadəcə gedib dilənçiliklə məşğul olmalarının qarşısını almaqdır".
Vəfat edənlərin 39,2%-i pensiya yaşına çata bilməyib

2024-cü ilin ölüm statistikası isə pensiya sistemi ilə bağlı daha ciddi sosial problemi üzə çıxarır. Həmin il Azərbaycanda 58 909 nəfər vəfat edib. Onlardan 47 % kişi (15 281 nəfər), 29,5 % qadın (7 811 nəfər) pensiya yaşını görə bilməyib. Ümumilikdə 23 092 nəfər, yəni vəfat edənlərin 39,2 %-i pensiya yaşına çatmadan dünyasını dəyişib.
Digər diqqətçəkən məqam isə yaşa görə pensiya alanların sayındakı azalma ilə bağlıdır. Əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, son illərdə bu rəqəm 700 min nəfər civarına düşüb. Təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayında 146 min nəfər azalma, yəni 17 % geriləmə qeydə alınıb
Son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi müəyyən qrup insanın pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxmasına səbəb olur.
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.


Şərhlər
Hazırkı pensiya sistemi cox ədalətsiz qurulub dövlətimiz bu məsələyə yenidən baxmalı sosial bərabərlik bərpa olunmalıdır qanunu yazanlar tək üzünün xeyirni yox milləti də düşünməlidir
Deputation maashi pensiyasi ? Neqederdi ?
bizim pensiya sistemi ədalətsiz və yarıtmazdır
Bizdə pensiya yaşı kökündən səhvdir, belə ki, aşağı pensiya məbləği olduğu kimi yuxarı hədd limiti də olmalıdır. Ona görə də hazırda bri 220-320 maat və sairə ətrafinda, digər biri isə 2-3 min manat və bəzən bundan da çox 3-5 min manat, hətda 5-10 min manat pensya alır ki, bu da əsil sosial ədalətsizlikdir. Bəyənmədyimiz Sovet dövründə aşağı pensiya 70 rubl, yuxarı isə 120 rubl idi ki, bu da özündə sosial ədaləti təmin edirdi. Hazırda yuxarı hədd pensiyanı 1000-1500 manat, aşağı həddi isə 500-750 manat olmalıdır və bunu da yuxarı məbləğ alanların hesabına eləmək lazımdır, yəni aşağı hədd ilə yuxarı hədd arasında nisbət 2 dəfədən artıq olmamalıdır. İnsan gəlib 65 yaşına çatıb, son illərini yaşayır və burada da biri sürünür, digəri isə "xan kefində" yaşayır, nə isə bu belə olmamalıdır və sosial ədalət prinsipi gözlənilməlidir...
Xahis edirik 220 manat muavinet alanlarinda prolemine depudatllarimiz Milli Meclisde bir qanun qebul etsinler. Ve yaxud qanuna bizlerin xeyrine fikirlessinler. Bir ay isleyende islemeyende 220 azn alir. Ozum 24 il 6 ay islemisem mende 220 aliram Bu ki edaletsizlikdir. Saq olun.