İranın mülki gəmilərin "Larak dəhlizi"ndən (İranın Larak və Qeşm adaları arasındakı sulardan keçən strateji dəniz yolu) keçməsinə icazə verməsi ilə bağlı açıqlamadan sonra bir sıra gəmilər Hörmüz boğazından keçib.

"Tasnim"xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.

"Lakin atəşkəs şərtləri ilə bağlı öhdəliyin pozulması nəticəsində ABŞ İran gəmilərinin və limanlarının dəniz mühasirəsini ləğv etməyib, buna görə də bu gün axşamdan etibarən Hörmüz boğazı bu mühasirə ləğv edilənə qədər bağlanır", - bəyanatda qeyd olunub.

SEPAH heç bir gəminin Fars körfəzi və Oman dənizindəki lövbər yerindən hərəkət etməməsi barədə xəbərdarlıq edib: "Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək və qaydanı pozan gəmi hədəfə alınacaq.

Həmçinin bütün gəmilərə və onların sahiblərinə bildiririk ki, xəbərləri yalnız SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin rəsmi mənbəsindən və 16-cı kanal vasitəsilə izləsinlər. ABŞ Prezidentinin (Donald Tramp – red.) Hörmüz boğazı və Fars körfəzi ilə bağlı sözlərinə heç bir etibar yoxdur".

***

Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik davam edir. ABŞ Prezidenti Donald Trampın ziddiyyətli bəyanatları isə vəziyyəti daha da mürəkkbləşdirir.

“AzPolitika” xəbər verir ki, İranın Mərkəzi Komandanlığı Trampın öhdəliklərini yerinə yetirmədiyini bildirib, buna görə də Hörmüz boğazı yenidən bağlanıb və keçid üçün Tehranın razılığı tələb olunur.

“Mehr” xəbər verir ki, bu qərar ABŞ tərəfindən dəfələrlə pozuntuların baş verməsi və “blokada adı altında piratçılıq” iddiaları ilə əsaslandırılıb.

Bu arada Tramp yenə qeyri-müəyyən bəyanatlar verib.

"Onlar (iranlılar) fərqli bir şey deməlidirlər, çünki razı salmalı olduqları insanlar var. Mən bunu olduğu kimi deyirəm. Əgər razılaşma əldə etməsək, nüvə tozunu fərqli bir formada - daha ziyanlı bir formada alacağıq", - deyə Tramp xəbərdarlıq edib.

Tramp deyib ki, əgər çərşənbə gününə qədər İranla razılaşma əldə edilməsə, Amerika ordusu bombardmanı davam etdirməyə məcbur ola bilər.

“AzPolitika.info”