İradə Aytel
Haqqı nahaqqa verməyən PROKUROR haqqında düşüncələr
Baş ədliyyə müşaviri Ələmdar Məmmədovun doğum günü münasibətilə…
Mən o əziz, doğma, sadə və səmimi insanla necə tanış oldum… Bu tanışlığın kökündə böyük bir şəxsiyyətin – Azərbaycan dövlət və ictimai-siyasi xadimi, hüquq elmləri doktoru, professor, Azərbaycan SSR-in sabiq prokuroru, Azərbaycan Respublikasının keçmiş Ədliyyə naziri, millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun xatirəsi dayanır.
İlyas müəllim dünyasını dəyişəndən sonra biz – Tovuz Xeyriyyə Cəmiyyəti olaraq, sədr müavinimiz Çingiz Abbasovun təşəbbüsü ilə İ.İsmayılovun həyat və yaradıcılığını əhatə edən jurnal hazırlamaq qərarına gəldik. Bu məqsədlə İlyas müəllimi yaxından tanıyan dostlarından, qohumlarından, peşə yoldaşlarından xatirələr toplamağa başladıq.

Elə həmin ərəfədə mənə məsləhət gördülər ki, İlyas müəllimi yaxından tanıyan, onun haqqında dəfələrlə sanballı məqalələrlə çıxış edən, təqaüddə olan Baş ədliyyə müşaviri Ələmdar Məmmədovla əlaqə saxlayım. Bu tövsiyəni böyük məmnuniyyətlə qəbul etdim və Ə.Məmmədova zəng etdim…
Telefonda zəhmli, bir qədər də sərt kişi səsi eşidildi. Fikrimi izah etdikcə, səs tədricən yumşalırdı. O zəhmli səsdə artıq İlyas İsmayılova olan dərin sevgi və ehtiramı aydın hiss edirdim. Müsahibim jurnalın həcmi, formatı, kimlərin yazılarının yer alacağı, redaktorunun kim olduğu barədə məni ətraflı sorğu-suala tutdu. Jurnal barədə geniş məlumat verdim, amma yenə də sabiq prokurorumuz qarşıma belə bir şərt qoydu: yazını göndərəcəyəm, lakin çapdan əvvəl mütləq baxışdan keçirməliyəm. Razılaşdım və yazını jurnal səhifəsi formasında ona göndərdim. Bir müddət sonra telefonuma zəng gəldi. Bu dəfə sabiq prokurorun səsində bir rahatlıq və məmnunluq vardı:
– Hə, indi arxayın oldum sizə. Bilərəkdən mən orada səhvə yol vermişdim, dedim görüm onu düzəldəcəksinizmi. Düzəltmisiniz…
Doğrusu, bu günə qədər heç bir müəllif məni bu dərəcədə sınağa çəkməmişdi. Amma haqq naminə demək lazımdır ki, Məmmədovun yazısı o qədər sərrast, o qədər ölçülü-biçili idi ki, sanki onu uzun illər hüquq sahəsində çalışan bir peşəkar deyil, ömrünü qələmə həsr etmiş yazı adamı yazmışdı.
Jurnal çapdan çıxdı. Ələmdar Məmmədov yenidən mənə zəng edib öz minnətdarlığını bildirdi və dedi:
– İstəyirəm sənə bir sirr açım.
Dedim, buyurun. Açığı, maraq məni bürümüşdü ki, uzun illərin hüquqşünası mənə nə sirr açacaq.
Dedi:
– Mən İlyas İsmayılov haqqında kitab yazıram. İstəyirəm o kitabın redaktoru sən olasan.

Doğrusu, bu təklif məni çox sevindirdi. O böyüklükdə bir şəxsiyyət – İlyas İsmayılov haqqında yazılmış kitaba redaktorluq etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur idi. Üstəlik, həmin kitabı yazan insan da təsadüfi birisi deyildi — tanınmış, adlı-sanlı bir hüquqşünas idi. Onun sözü də, qələmi də illərin təcrübəsindən, məsuliyyətindən və peşəkar dəqiqliyindən yoğrulmuşdu.
Yeri gəlmişkən, Ələmdar müəllimin keçdiyi şərəfli ömür yoluna qısa bir nəzər salaq, sonra söhbətimi davam etdirim:
Məmmədov Ələmdar Məmməd oğlu 20 aprel 1949-cu ildə İmişli şəhərində, qulluqçu ailəsində anadan olub. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alaraq hüquqşünaslıq ixtisasına yiyələnib. Təyinatla prokurorluqda işə qəbul edilən Ə.Məmmədov müxtəlif vəzifələrdə – 1976-cı ilin avqust ayından Cəlilabad rayon prokurorluğunda stajyor, 1977-ci ilin iyun ayından Masallı rayon prokurorunun köməkçisi, daha sonra böyük köməkçisi, 1983-cü ildən Lənkəran rayonun prokurorunun müavini işləyib. 1985-ci ilin mart ayında Respublika prokuroru İlyas İsmayılovun əmri ilə Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edilib, 1990-cı ilin iyun ayında ikinci müddətə həmin vəzifədə saxlanılıb.
1992-ci ilin mart ayından 1997-ci ilin aprel ayına kimi Zaqatala rayon prokuroru, 1997-ci ilin aprel ayından 2000-ci ilin iyun ayınadək Goranboy rayon prokuroru vəzifələrində işləyib. 2000-ci ilin iyun ayından 2004-cu ilin mart ayına kimi Respublika Hərbi prokurorluğunda idarə prokuroru, 2004-cü ildən 2009-cu ilin may ayınadək Baş Prokurorluğun idarələrində böyük prokuror vəzifəsində çalışıb. 2009-cu ilin may ayından təqaüddədir.
1984-cü ildə Xarkovda Prokurorların İxtisasartırma kursunu fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Prokurorluğunun fəxri işçisi, Baş ədliyyə müşaviridir.
2019-cu ilin avqust ayından İctimai Televiziyada yayımlanan “İstintaq davam edir” telelayihəsinin məsləhətçisidir.
Kitablarında yazdığı cinayət hadisələri ilə bağlı ona yaxın qısametrajlı film çəkilib.
Ələmdar Məmmədov İlyas İsmayılovun həyatından bəhs edən “Mən bu zamana sığmazam” kitabından əvvəl prokurorluq həyatındakı keşməkeşli ömür yolundan, istintaq təcrübəsindən, məhkəmə işlərindən bəhs edən “Prokuror – Roman kimi həyat” və “Prokuror – Xatirələr və düşüncələr” adlı, tarixdə izi qalan 24 siyasi xadimin oxşar səhvləri barədə yazılan “Siyasi xadimlərin fatal səhvləri” adlı kitabları da yazıb.
Siyasi, hüquqi və müxtəlif mövzularda yazdığı məqalələr mütəmadi olaraq Azərbaycanın mətbuat səhifələrində dərc edilir.
Bəli, mən bu zənginlikdə ömür yolu keçmiş bir insanın kitabına redaktor olacaqdım. Həm də həyatda görüb tanımasam da, haqqında eşitdiklərimin mənə sevdirdiyi, sanki öz doğmam, atam qədər yaxın bildiyim İlyas İsmayılov barədə yazılan kitaba. Ona görə də dedim:
– Ələmdar müəllim, məmnuniyyətlə. Elə bilərəm ki, öz atam haqqında yazılmış kitaba redaktorluq edirəm.
Və beləcə, biz işə başladıq.
Ələmdar müəllimin səlis, ardıcıllıqla, yüksək yazı mədəniyyəti və peşəkar dəqiqliklə qələmə aldığı kitabı oxuyur, arada xırda redaktə işləri edirdim. Maraqlı burası idi ki, redaktorluq etdiyim kitabdan həm də öyrənirdim. Bəli, öyrənirdim. Düzgünlüyü, dürüstlüyü, hüquqi düşüncəni, insanlığı və məsuliyyət hissini öyrənirdim. Hər sətirdə özündən böyüklərə, ziyalılara, bu vətəni mənəvi baxımdan ucaldan müdrik insanlara olan sayğını görür və ondan dərs alırdım.
Öyrəndikcə həm İlyas İsmayılovu, həm də Ələmdar Məmmədovu daha dərindən tanıyır, onların şəxsində vicdanlı, qərəzsiz, əsil ziyalıya xas bir mənəviyyat dünyasının olduğunu hiss edirdim. Və etiraf edim ki, həmin kitab vasitəsilə İlyas İsmayılov və Ələmdar Məmmədov şəxsiyyətlərini sanki paralel olaraq sevməyə başladım.
Əvvəllər mənə desəydilər ki, uzun illər ədliyyə sistemində çalışan, prokurorluqda məsul vəzifələr tutan bir insan heç vaxt rüşvətə meyl etməyib, haqqı nahaqqa qurban verməyib, ədalətdən yayınmayıb — bəlkə də inanmazdım. Amma o kitabı oxuduqdan, İlyas İsmayılovu və Ələmdar Məmmədovu tanıyanlarla ünsiyyətdən sonra bu həqiqətə inandım.
Bəli, İlyas İsmayılov və onun yolunu davam etdirən Ələmdar Məmmədov kimi ziyalılar sübut etdilər ki, ədalətə sədaqət yalnız söz deyil, həm də həyat tərzi ola bilər. Onların fəaliyyəti bir daha göstərdi ki, vicdanı üstün tutan insanlar üçün haqqı qorumaq hər şeydən öncə gəlir və bu prinsipdən heç vaxt geri çəkilməyiblər.
…Kitab çapa hazırlandığı müddətdə Ələmdar müəllim bir neçə dəfə iş yerimizə gəldi. Onun yüksək etik davranışı, incə ünsiyyət mədəniyyəti hər görüşdə açıq şəkildə hiss olunurdu. Əslində biz – kitabın redaktoru, korrektoru, dizayneri və digər əməkdaşlar onun işini yerinə yetirirdik, bir növ onun komandası idik. Lakin buna baxmayaraq, o, özünü elə təvazökar və kübar aparırdı ki, bu münasibət adamda dərin hörmət və heyranlıq doğururdu.
Ələmdar müəllim hər zaman razılaşdırılmış vaxtda gəlir, iş prosesinə ciddi yanaşır, edilən düzəlişləri diqqətlə nəzərdən keçirirdi. Onun qeydləri təkcə peşəkar deyil, eyni zamanda olduqca incə və nəzakətli formada təqdim olunurdu. Heç vaxt onda tələskənlik və ya sərtlik hiss olunmurdu, əksinə, iradında da bir ziyalılıq, mədəniyyət özünü göstərirdi.
Kitab nəfis tərtibatla – İlyas İsmayılovun və Ələmdar müəllimin adına layiq şəkildə nəşr olundu. Təqdimat mərasimi də olduqca yüksək səviyyədə keçdi. Tədbirdə ədliyyə işçiləri, ziyalılar, ədəbiyyat adamları, Ədalət Partiyasının davamçıları, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvləri iştirak edirdi. Kitab hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı, bəyənildi və sözün həqiqi mənasında geniş əks-səda doğurdu.

Sonra Ələmdar müəllimlə Ədalət Partiyasının qərargahında – böyük aydınımız İlyas İsmayılovun anım gününə həsr olunmuş konfransda qarşılaşdıq. Konfransda İlyas müəllimin peşə yoldaşları, ailə üzvləri, dostları və onu yaxından tanıyan insanlar iştirak edirdi. Tədbirin məruzəçisi və aparıcısı Ələmdar Məmmədov idi. O, tədbiri yüksək peşəkarlıqla, səmimiyyət və həssaslıqla idarə etdi. Nitqində yalnız faktları sadalamaqla kifayətlənmədi, İlyas müəllimin şəxsiyyətini, insani keyfiyyətlərini, dövlətə və xalqa xidmətini canlı boyalarla təqdim etdi.
Ələmdar Məmmədovun fəaliyyəti təkcə rəsmi tədbirlərlə məhdudlaşmır. O, İlyas müəllimin ailəsinə də daim yaxın olub, çətin və həssas məqamlarda onların yanında dayanmağa çalışır. Xüsusilə, İlyas İsmayılovun vəfatının ildönümündə keçirilən mərasimdə onun üzərinə düşən mənəvi yük açıq-aydın hiss olunurdu. O, ailənin ağsaqqalı kimi məclisin ağırlığını çiyinlərinə götürmüşdü; gələn qonaqları qarşılayır, mərasimin yüksək səviyyədə keçməsi üçün əlindən gələni edirdi. Bu münasibət, bu məsuliyyət hissi onun İlyas müəllimə və ailəsinə olan dərin ehtiramının bariz nümunəsi idi.
Maraqlısı budur ki, uzun illərini hüquqa həsr etmiş bir insan ədəbiyyatdan söz düşəndə ədəbiyyatşünas kimi, musiqidən danışanda peşəkar musiqiçi kimi, rəssamlıqdan bəhs edəndə isə sənətşünas kimi fikir yürüdür. Onun Azərbaycan muğamına olan sevgisi, bu sənətin incəliklərinə qədər dərindən bələdliyi insanı heyrətləndirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğamın qorunması və dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən Ələmdar müəllim bu qədim sənətin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Birinci xanımın xidmətlərini xüsusi vurğulayır. O qeyd edir ki, Mehriban xanımın rəhbərliyi ilə muğam həm Azərbaycanda dirçəldilib, həm də beynəlxalq miqyasda tanıdılaraq qlobal mədəniyyət nümunəsi kimi qəbul olunub. Hətta bu barədə dəfələrlə yazılar yazıb və mətbuatda geniş çıxışlar edərək öz mövqeyini ictimaiyyətə çatdırıb. Muğam sənətinə yeni gələn gənclər də Ələmdar müəllimin məsləhətlərinə diqqətlə qulaq asır və onlara əməl edirlər. Bunu bir şahid kimi deyirəm. Muğam Mərkəzində keçirilən muğam axşamlarında mütəmadi iştirak edən Ələmdar müəllim konsertdən sonra ifaçılarla görüşür, onların ifaları barədə öz dəyərli fikir və tövsiyələrini bölüşür.
Bu məqamda bir məsələni də xüsusi vurğulamaq lazımdır: uzun illər prokurorluq kimi məsuliyyətli və çətin bir sahədə çalışmış hər kəs üçün cəmiyyət içində dik dayanmaq asan deyil. Ələmdar müəllim isə bu gün də cəmiyyətə başını aşağı əyməyərək çıxır. O, hansı məclisə daxil olursa, oradakı insanların əksəriyyəti ayağa qalxır, onunla görüşür, hörmət və ehtiramla əlini sıxır. Təbii ki, insan vəzifədə olduğu dövrdə bu asandır, insanlar rəsmi mövqeyə görə də diqqət və ehtiram göstərirlər. Amma əsas məsələ vəzifədən sonra bu hörməti qoruyub saxlamaqdır.
Bu günlərdə Ələmdar müəllimin Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvü Müzəffər Ağazadənin 85 illik yubileyi münasibətilə yazdığı təbrik yazısını oxudum. Həmin yazı məndə dərin bir düşüncə oyatdı. İnsanın böyüklüyü bəzən məhz buradan görünür — özündən əvvəlki ziyalılara dəyər vermək, onların əməyini və həyat yolunu gələcək nəsillərə sevgi ilə çatdırmaq.
Ələmdar müəllim Azərbaycan üçün ömrünü həsr etmiş ziyalılar haqqında elə böyük ürəklə danışır, onları elə səmimiyyətlə təqdim edir ki, bu münasibət özü ayrıca bir məktəb təsiri bağışlayır. O, sözün əsl mənasında, dəyəri yaşadan, yaddaşı qoruyan insanlardandır.
Və həmin an içimdə bir fikir yarandı: mən də tanıdığım, gördüyüm Ələmdar müəllimdən yazım. Xüsusilə onun ad günü ərəfəsində — 20 aprel günlərinə yaxın bir vaxtda. Necə ki, o, ziyalılarımızı sevgi və ehtiramla gələcək nəsillərə təqdim edir, mən də eləcə sevgi və hörmətlə ondan söz açmaq istədim.

Əziz Ələmdar müəllim,
Sizi öz adımdan, Tovuz Xeyriyyə Cəmiyyətinin, xüsusən də cəmiyyətin sədr müavini Çingiz Abbasovun adından, eləcə də İlyas İsmayılovun mirası olan Ədalət Partiyası adından səmimi qəlbdən təbrik edirəm.
Arzu edirəm ki, bundan sonra da sağlam yaşayasınız, yazasınız, yaradasınız cəmiyyətdə bu gün aşınmaqda olan insanlıq, kişilik və xarakter kimi ali dəyərləri uzun illər yaşadasınız və başqalarına örnək olasınız.
Ürək sözlərim bitmədi, deyəsən, mən yenə də və yenə də Sizdən danışacaq, Sizdən yazacağam…

Şərhlər
Ələmdar müəllim İradə xanımın sizin haqqında yazdığı məqaləni çox həvəslə oxudum Yazı sizin fəaliyyətinizi çox dolǧunluqla əhatə edib Məqalə o qədər dolğundurki əlavə söz deməyə ehtiyac qalmır Lakin bir neçə kəlmədə mən deməliyəm Siz prokurorlugun ən sayılıb seçilən prokuroru olmusunuz Həmişə Prokurorlugun hörmətini qaldırmısiniz İşlədiyiniz rayonlarda hörmət qazanmısınız İndidə sizi həmin rayonlarda hörmətlə qarşılayırlar Sizə uzun ömr can saglıqı arzulayiram Hörmətlə Sabiq Prokuror Hüseyn Ilyas oǧlu Huseynov
Ələmdar mtələbəlik illərinfən tanıyıram.Biz aşagı kursda .Onlar bizdən yaşca böyuk idi. Xatırlayıram ….Yataqxana həyatı.49-cuotaüa yıgışırdılar. ŞuşalıZahid(əlacı idi), Cəlilabaddan Nadir əkbərov, yaşca daha böyuk olan Fizuli ,.Onlarfa qrupda iki Əlamdar var idi.Şahmat…….həbaskarı idi.Məntiq müllimi Mahir m.bahlı imtahan episdu Bəlkə də Ələmmar m.Yadına gələr .Nə isə…Cox sag plun yaxıya gorə.Cecmişə aparfı məni….
Ədalət necə olan şeydir? Tapılmayan əşyanı axtarana nə deyilir ? Bura Azərbaycan,xalqı Allahın ümidinə buraxılmış unudulmu məmləkətdir.
Hörmətli Ələmdar müəllim, Sizi— Azərbaycanımızın dəyərli ziyalısını, doğum günü münasibətilə təbrik edir, sağlıqlı uzun ömür, yeni- yeni uğurlar, sevinc dolu illər arzulayıram. ALLAH hər zaman yar və yardımçınız olsun!
HORMETLI IRADE XANIM DEYERLI YAZINIZA GORE SIZE TESEKKUR EDIREM. ELEMDAR muellimide semimi qelbden tebrik edirem . IJYAS MUELLIMI YAD ETDIYINIZ UCUN SIZE MINNETDARAM. ALLA ILYAS MUELLIME REHMET ELESIN.
İradə xanım,təşəkkür edirəm.
Ələmdar müəllim sözün həqiqi mənasında prokuror-qanun əsasında ittiham etdiyi insanların qayğısını çəkən olub. Yaxşı publisistdir.Haqqında yalnız xoş söz söyləmək olar.
Ona xoş sözlərimi ərməğan edir,Sizə də “əllərinizə sağlıq”,-deyirəm.
Azərbaycan Respublikasının Prokurorluq orqanlarında böyük və şərəfli peşə yolu keçmiş dəyərli Ələmdar Məmmədovu doğum günü münasibətilə öz adımdan və Ədalət Partiyası adından təbrik edirəm, möhkəm can sağlığı, mənalı ömür arzu edirəm.
Ələmdar müəllimin Partiyamızın banisi, müasir Azərbaycan dövlətçiliyi tarixində ən ədalətli dövlət xadimi olmuş İlyas İsmayılovun həyatı və fəaliyyətini əks etdirən "Mən bu zamana sığmazam" kitabı İlyas İsmayılovun davamçılarına olan ən böyük hədiyyədir. Sevə sevə oxuyuruq, Ələmdar müəllimə hörmət və ehtiramımızı bildiririk.
Ələmdar müəllım bizim masallı raonunda işləyib.atamı mılıs şərləmışdi.ələmdar müəllım qurtarfı.təbrik edirik.
Ələmdar müəllim çox ləyaqətli adamdır. Onunla ilk görüşümüzü həmişə xatırlayıram. Şəmkir rayon İcraiyyə Komitəsində şöbə müdiri işləyirdim. Mən də Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdim. Ancaq Ələmdar müəllimlə yaxından tanışlığımız yox idi. Bir qohumumla birlikdə Cəlilabad rayonuna getmişdim. Şəxsi işimiz var idi. İş elə gətirdi ki, rayon prokuroru Ələmdar müəllimin də qəbuluna gedəsi olduq. O, bizi çox yaxşı qarşıladı. Getmək istəyərkən bizi buraxmadı. Dedi ki, elə nahar vaxtıdır, uzaqdan gəlmisiniz, qonaqsınız, nahar etməsəniz olmaz. Özü bizimlə nahar elədi. Tələbəlik vaxtlarmızı yada saldıq. Xeyli söhbət elədik. Onun bu səmimiyyəti və diqqətcilliyi ömrü boyu xatirəmdə dərin izlər buraxdı. Halbuki, həmin vaxt qonşu rayonun prokuroru işləyən, universitetdə bir qrupda oxuduğum, dostluq etdiyim tələbə yoldaşımla görüşərkən ondan belə diqqət görmədim. O vaxtdan, ümumi mərhum dostumuz Əhmədov Məhəmməd də iştirak etməklə Ələmdar müəllimlə müntəzəm görüşlərimiz, ünsiyyətimiz davam etdi. İndi Ələmdar müəllimin həm də oxucusuyam. Onun yaradıcılığını izləyirəm. Bu gözəl insanın doğum günü təbriklərinə biz də qoşuluruq. Ona can sağlığı, uzun ömür, daha böyük yaradıcılıq uğurları arzulayırıq.
Ələmdar Məmmədovu barədə yazmaq mənə böyük şərəfdir. Bir daha əziz insanı təbrik edirəm! Yazdıqlarım ürəyimdəkilərin az bir hissəsi idi, inşallah yeni yazılarla bir daha Ələmdar müəllimi sevənləri şad edəcəyəm. Sayt rəhbərliyinə diqqətə görə minnətdaram.
Ələmdar Məmmədovun zəngin daxili aləmini, yüksək mənəvi keyfiyyətlərini və həyat prinsiplərini dolğun şəkildə əks etdirən bu yazını böyük məmnuniyyətlə oxudum. Sətirlərdə ifadə olunan fikirlər sanki mənim də ürəyimdən keçən duyğuların ifadəsi idi. Müəllifin səmimi və təsirli təqdimatı oxucunu düşünməyə, dəyərləri bir daha gözdən keçirməyə vadar edir.
Yazıda ölkəmizin görkəmli ziyalılarından biri – İlyas İsmayılovun da adının çəkilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki şəxsiyyət – həm Ələmdar Məmmədov, həm də İlyas İsmayılov – cəmiyyətimizdə düzlüyün, dürüstlüyün, ədalətin və yüksək insani keyfiyyətlərin canlı təcəssümü kimi yaddaşlarda yaşayır və örnək olaraq qalır. İradə xanımın da vurğuladığı kimi, bu dəyərlər onların həyat və fəaliyyətinin əsasını təşkil edir və bir çoxları üçün yol göstəricisidir.
Ələmdar Məmmədovu bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayıram. Belə dəyərli bir ziyalını yaxından tanımaq mənim üçün böyük xoşbəxtlik və qürur mənbəyidir.
Ümidvaram ki, gələcəkdə də – istər 80, istər 90 illik yubileylərində – onun haqqında qələmə alınan belə sevgi dolu, səmimi və dəyərli yazıları oxumaq nəsibimiz olacaq. Bu cür şəxsiyyətlər cəmiyyətimizin mənəvi dayağı, gələcək nəsillər üçün isə əvəzsiz örnəkdir.
İradə xanım gozəl yazıya vətəbrikə görə çox sağolun.Bu yazıda siz İlyas müllimin döyklüyündə göstərmisiniz .Biz hər birimiiz yazdığın xarakterləri İlyas müllimdən öyrənmişik. Çox sağolun