Avropa İttifaqı Ermənistan üçün yeni mülki missiyanın – "EUPM Armenia"-nın yaradılmasını təsdiqləyib və bu missiya iki il müddətində “hibrid təhdidlərə” qarşı mübarizədə rəsmi İrəvana dəstək verməlidir.

Politoloq Fərhad Məmmədov bildirib ki, missiyanın mandat müddəti və zamanlaması diqqət çəkir. Belə ki, Ermənistanda seçkilər iyunda keçiriləcək, amma missiya bütöv iki il fəaliyyət göstərəcək. Politoloq vurğulayıb ki, bundan əvvəl Azərbaycanla sərhəddə fəaliyyət göstərən EUMA missiyasının da mandatı eyni müddətə idi və onun fəaliyyəti sülh sazişi imzalandıqdan sonra dayandırılmalıdır. Onun sözlərinə görə, görünən odur ki, EUMA fəaliyyətini başa vurduqdan sonra ölkədə “EUPM Armenia” qalacaq.

Fərhad Məmmədov bildirib ki, bununla da Ermənistanda eyni vaxtda iki Aİ missiyası fəaliyyət göstərəcək: biri sərhəddə müşahidə aparan EUMA, digəri isə ölkə daxilində “hibrid təhdidlərə” qarşı mübarizə aparacaq "EUPM Armenia".

Politoloq diqqətə çatdırıb ki, yeni missiyanın əsas funksiyalarından biri Ermənistan hökumətinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə ilə mübarizədə yardım etməkdir. O vurğulayıb ki, bu siyahıda ən mühüm məsələ “xarici müdaxilə” anlayışıdır. Burada əsasən Rusiya nəzərdə tutulur və Moskvanın seçki prosesinə təsir cəhdlərindən danışılır. Lakin politoloq bildirib ki, “xarici müdaxilə” anlayışı çox genişdir və konkret şəkildə müəyyən edilməlidir. O qeyd edib ki, Rusiya Ermənistandakı proseslərə əsasən Rusiya vətəndaşı olan erməni mənşəli şəxslər vasitəsilə təsir göstərir və bu baxımdan Rusiyadakı erməni diasporunun fəaliyyəti də bu kateqoriyaya daxil edilə bilər.

Fərhad Məmmədov sual edib ki, əgər belədirsə, onda niyə Avropa və ABŞ-də fəaliyyət göstərən erməni diasporunun fəaliyyəti eyni qaydada qiymətləndirilmir. O bildirib ki, 11–12 aprel tarixlərində Paris şəhərində Avropa və ABŞ-də yaşayan erməni diaspor təşkilatlarının geniş konfransı keçirilib və tədbirdə 26 ölkədən nümayəndə iştirak edib. Politoloq qeyd edib ki, yekun bəyanatda Ermənistan vətəndaşlarına çağırış olunub ki, seçkilər zamanı ölkəyə gəlib hakimiyyətə – yəni Nikol Paşinyan hökumətinə qarşı səs versinlər.

O vurğulayıb ki, bu halda xarici ölkə vətəndaşlarının Ermənistan vətəndaşlarını seçkilərdə müəyyən istiqamətdə səs verməyə çağırması açıq şəkildə “xarici müdaxilə” kimi qiymətləndirilməlidir. Məmmədov bildirib ki, bu baxımdan Fransa və digər Aİ ölkələrinin vətəndaşlarının çağırışları ilə Rusiya vətəndaşlarının çağırışları arasında prinsipial fərq görünmür. Onun fikrincə, Aİ vergi ödəyicilərinin vəsaitləri hesabına Ermənistanda “xarici müdaxilə” axtarmağa ehtiyac yoxdur, çünki bu elementlər artıq Avropanın özündə mövcuddur.

Politoloq qeyd edib ki, digər mühüm istiqamət informasiya müstəvisidir. O bildirib ki, xüsusilə Qarabağ erməniləri mövzusu Ermənistanda prorusiya qüvvələri tərəfindən manipulyasiya olunur və daxili siyasətdə istifadə edilir. Bununla yanaşı, o diqqətə çatdırıb ki, eyni mövzular bəzən Avropa siyasətçiləri tərəfindən də gündəmə gətirilir.

Fərhad Məmmədov bildirib ki, Fransa, Belçika və Niderland parlamentlərində qəbul edilən bəzi qərarlar Ermənistandakı prorusiya qüvvələrinin gündəliyi ilə üst-üstə düşür. Onun sözlərinə görə, bu isə paradoks yaradır: “EUPM Armenia” guya mövcud hakimiyyəti qorumağa xidmət etməlidir, lakin eyni mövzular Avropa siyasi dairələri tərəfindən də dəstəklənir.

Politoloq həmçinin “qanunsuz siyasi maliyyələşmə” məsələsinə də toxunub. O bildirib ki, bu sahədə Ermənistanda ən “təcrübəli” qüvvələrdən biri Serj Sarqsyanın Respublika Partiyası və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyasıdır.

F.Məmmədov qeyd edib ki, Serj Sarqsyanın partiyası Avropa Parlamentində ən böyük fraksiyaya malik olan Avropa Xalq Partiyasının tamhüquqlu üzvüdür, Qaqik Tsarukyan isə uzun illərdir Avropa Hərəkatının Ermənistandakı fəxri sədridir. O vurğulayıb ki, maraqlı məqam ondan ibarətdir ki, bu qüvvələr eyni zamanda Ermənistanda ən çox prorusiya yönümlü hesab olunan siyasi strukturlardandır.

Politoloq xatırladıb ki, 2011-ci ildə Serj Sarqsyanın partiyası Ermənistanın Aİ ilə assosiasiya sazişi imzalamağa hazırlaşdığı dövrdə Avropa Xalq Partiyasına qəbul olunmuşdu. Lakin sonradan Sarqsyan Moskvada qərarını dəyişərək Aİ ilə inteqrasiyadan imtina edib və Avrasiya İqtisadi İttifaqına qoşulmağı seçib. Buna baxmayaraq, onun partiyası Avropa Xalq Partiyasında qalmaqda davam edib. F.Məmmədov bu vəziyyəti Aİ və onun siyasi institutlarının ikili standartlarının nümunəsi kimi qiymətləndirib.

Sonda Fərhad Məmmədov bildirib ki, əgər “EUPM Armenia” doğrudan da şəffaf və obyektiv fəaliyyət göstərmək niyyətindədirsə, onun əsas işi Ermənistanda deyil, Avropanın özündə aparılmalıdır. O qeyd edib ki, xarici müdaxilə, siyasi təsir və maliyyə əlaqələri ilə bağlı əsas sualların bir hissəsi məhz Avropa mühitində mövcuddur. Politoloq əlavə edib ki, əvvəlki EUMA missiyasının qapalı fəaliyyəti nəzərə alınarsa, yeni missiyanın da şəffaf işləyəcəyinə dair ciddi əsaslar görünmür.

Rasim Əliyev

"AzPolitika.info"