"Yeni Klinika"nın direktor vəzifəsini həyata keçirmək müvəqqəti olaraq Qalib İmanova həvalə olunub.

"AzPolitika" " xəbər verir ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. 

Qeyd edək ki, Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.

1998-ci ildə ATU-nun "Müalicə-profilaktika" fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.

2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.

Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.

Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:

1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;

2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;

2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;

2014-cü ildən  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İnvaziv və pediatrik Kardioloq, Kardiologiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərib.

O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadanqalma ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.

Xatırladaq ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.

TƏBİB yeni təyinatlarla bağlı axın vaxtlarda ətraflı məlumat açıqlanacağı gözlənilir.

"AzPolitika.info"