Azərbaycanda mənfi kredit tarixçəsinin uzun müddət kredit reyestrində qalması yenidən müzakirə olunur. Bəzi ekspertlər bunun banklar üçün risklərin idarə edilməsində vacib olduğunu desə də, vətəndaşların kreditə çıxışını çətinləşdirdiyini düşünür. Xüsusilə borcunu bağlayan şəxslərin illərlə riskli müştəri kimi qalması narazılıq yaradır. Banklar isə bunu maliyyə intizamı üçün vacib sayırlar.
Mənfi kredit tarixçəsinin uzun müddət sistemdə qalması kredit əlçatanlığına necə təsir edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya açıqlamasında bildirib ki, mənfi kredit tarixçəsinin uzun müddət kredit reyestrində qalması kredit bazarına iki tərəfli təsir göstərir.

Onun sözlərinə görə, bir tərəfdən bu, banklar üçün risklərin idarə olunması baxımından vacib alətdir: “Çünki keçmişdə öhdəliklərini gecikdirən və ya yerinə yetirməyən müştəriləri daha diqqətli qiymətləndirməyə imkan verir. Bu, ümumi maliyyə sistemində intizamın qorunmasına kömək edir və kreditlərin geri qaytarılma səviyyəsini yüksəldir. Digər tərəfdən isə bu yanaşma borcunu tam ödəyib maliyyə öhdəliyini bağlayan şəxslər üçün uzun müddət mənfi təsir yarada bilər. Nəticədə belə insanlar illərlə, məsələn, 5 il “riskli müştəri” kimi qiymətləndirilir və bu da onların yeni kreditlərə çıxışını çətinləşdirir. Bu vəziyyət xüsusilə kiçik biznes, ipoteka və istehlak kreditlərində daha çox hiss olunur”.
Ekspert qeyd edib ki, kredit əlçatanlığı baxımından bu sistem bazarın daha ehtiyatlı işləməsinə səbəb olur, amma eyni zamanda bəzi müştərilərin real maliyyə vəziyyətini əks etdirməyən köhnə məlumatlarla qiymətləndirilməsi ədalətlilik mövzusunu gündəmə gətirir: “Bir çox ölkələrdə belə hallarda mənfi tarixçənin müəyyən müddətdən sonra təsirinin azalması və ya tam silinməsi praktikası tətbiq edilir ki, bu da həm risk idarəetməsini, həm də kreditə çıxışı daha balanslı edir”.
Oğuz Ayvaz
"AzPolitika. info"

Şərhlər
Maraqlı və gündəlik mövzuya toxunulub.Bunu hamı görür və bilir ki.bank faizləri süni artıqdır.Bəs kim bu məsələ ilə maraqlanıb xalqın haqlı şikayətini və ya müraciətini araşdırıb bir qərar verməlidir.Belə bir qurum niyə ortada yoxdur və niyə 30 ildir bu ciddi məsələ talenin ümidinə buraxılır?Vəziyyəti həll etməli olan qurumlar niyə fəaliyyətsizdir?