Rusiya Ermənistana Avropa İttifaqına üzvlük prosesinə davam etdiyi təqdirdə qaz, neft məhsulları və işlənməmiş almaz tədarükünə dair sazişi birtərəfli qaydada dayandırmaq və ya ləğv etməklə hədələyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“İrəvan Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirərsə, Rusiya qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazırdır”, - deyə, Zaxarova bəyan edib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi artıq Ermənistana müvafiq rəsmi bildiriş göndərib: "2026-cı il mayın 27-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyovun Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirliyinin ünvanına məktubunu rəsmi olaraq təqdim edib. Məktubda Ermənistan Respublikasının Aİ-yə üzvlük prosesinə davam etdiyi halda, Rusiya tərəfinin Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında təbii qaz, neft məhsulları və işlənməmiş təbii almaz tədarükü sahəsində əməkdaşlığa dair 2013-cü il dekabrın 2-si tarixli Sazişi birtərəfli qaydada dayandıracağı və ya ləğv edəcəyi barədə məlumat verilir".