Azərbaycanda süd, ət və quşçuluq məhsulları üzrə istehsalın artırılması hədəfi kənd təsərrüfatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hökumət 2030-cu ilədək özünütəminetmə səviyyəsini 100 faizə çatdırmağı planlaşdırır. Ekspertlər hesab edir ki, bu məqsədə çatmaq üçün müasir təsərrüfatların yaradılması, yem bazasının gücləndirilməsi və damazlıq işinin inkişafı əsas prioritetlər olmalıdır. 

Bəs Azərbaycanda heyvandarlığın inkişafı üçün hansı problemlər aradan qaldırılmalıdır? Fermerlərə verilən dəstək və subsidiyalar istehsal artımına kifayət edəcəkmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-tədqiqatçı, alim Elşad Ərşadoğlu Əliyev bildirib ki, ət, süd və quşçuluq məhsulları üzrə istehsalın artırılması hədəf kimi müəyyənləşdirilsə də, bunun üçün əvvəlcədən bir sıra hazırlıq tədbirləri görülməlidir.

Onun sözlərinə görə, hazırda heyvandarlıq sahəsində ən böyük problemlərdən biri yem təminatıdır. Bir çox sahələrin inhisarçı şəxslər tərəfindən mənimsənilməsi kənd təsərrüfatında fəaliyyət göstərən kiçik və orta sahibkarların ciddi çətinliklərlə üzləşməsinə səbəb olub: “İlk növbədə bu problemlər öz həllini tapmalıdır. Zəmilər boşaldılmalı, ümumi istifadəyə verilməli və fermerlər üçün əlçatan olmalıdır. Yem təminatı məsələsi əsaslı şəkildə həll edilməli, həm dövlət qurumları tərəfindən təchizat işi gücləndirilməli, həm də torpaq məsələləri ilə bağlı problemlər aradan qaldırılmalıdır”.

E.Əliyev xatırladıb ki, 2004-2006-cı illərdə Prezident tərəfindən kənd təsərrüfatında kooperativ hərəkatın təşkilinə xüsusi önəm verilirdi: “Hazırda pərakəndə fəaliyyət göstərən xırda təsərrüfatların kooperativlərdə birləşdirilməsi və bu kooperativlərin yaradılmasının Nazirlər Kabinetinin hüquqi-normativ aktları ilə tənzimlənərək təşviq edilməsi kənd təsərrüfatı və heyvandarlıq sahəsində mövcud potensialın daha səmərəli şəkildə birləşdirilməsinə imkan yarada bilər. Bu baxımdan İsrailin mikroiqtisadi aqrar modelini nümunə kimi göstərmək olar”.

Ekspert həmçinin fermer təsərrüfatlarının fəaliyyətində istifadə olunan avadanlıqlar, gübrə təminatı və kənd təsərrüfatı texnikası ilə bağlı problemlərə də diqqət çəkib: “Gübrə çatışmazlığı, bazarda qiymət dəyişkənliyi, kiçik mexanizasiya vasitələrinin və əmək alətlərinin lizinq yolu ilə əldə edilməsində mövcud çətinliklər aradan qaldırılmalıdır. Lizinq şərtləri sadələşdirilməli və fermerlər üçün daha əlverişli hala gətirilməlidir. Maldarlıq sahəsinin inkişafı üçün bir sıra vacib və təxirəsalınmaz tədbirlər görülməlidir. Bunlara yem təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılmasının təmin edilməsi üçün su probleminin həlli, eləcə də fermerlərin maliyyələşdirilməsi və kredit əldə etmə imkanlarının sadələşdirilməsi daxildir.

Fermerlərə ayrılan maliyyə vəsaitlərinin şərtləri və faiz dərəcələri də uyğun səviyyədə olmalıdır ki, onlar bu imkanlardan səmərəli şəkildə yararlana bilsinlər”.

Oğuz Ayvaz

AzPolitika.info