ABŞ Prezidenti Donald Trampın səhhəti ətrafında müzakirələr davam etdiyi bir vaxtda, ABŞ-nin “Medicare” və “Medicaid” Xidmətlərinin rəhbəri Mehmet Oz məsələyə münasibət bildirib.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Mehmet Öz prezidentin son tibbi müayinələrinin nəticələrinin müsbət olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, aparılan yoxlamalar rutin xarakter daşıyıb və əldə olunan göstəricilər narahatlıq üçün əsas vermir.

O bildirib ki, tibbi nəticələrə baxıldıqda ümumi mənzərə kifayət qədər müsbət görünür. O, Trampın sağlamlıq vəziyyətinin mütəmadi olaraq izlənildiyini və prezidentin öz istəyilə tez-tez tibbi müayinələrdən keçdiyini qeyd edib.

Bundan əvvəl prezidentin həkimi Sin Barbabella tərəfindən hazırlanan hesabatda da Trampın ürək-damar sistemi, ağciyər və nevroloji funksiyalarının normal vəziyyətdə olduğu bildirilmişdi. Hesabatda onun prezident və ali baş komandan vəzifələrini yerinə yetirmək üçün tam yararlı olduğu vurğulanıb.

Bununla belə, yayımlanan tibbi hesabat bütün sualları aradan qaldırmayıb. Bəzi ekspertlər Trampın son bir il ərzində bir neçə dəfə geniş tibbi müayinədən keçməsini və ürək görüntüləmə testlərinin aparılmasını nəzərə alaraq daha ətraflı məlumatın açıqlanmasının vacib olduğunu bildirirlər.

"AzPolitika.info"