İki gün əvvəl general-mayor Roman Qofman rəsmi olaraq Baş nazir Binyamin Netanyahu tərəfindən dünyanın ən məşhur xarici kəşfiyyat xidmətlərindən biri olan “Mossad”ın başçısı təyin edilib.

Qofman bu postda David Barneanı əvəz edib. Bu təyinatından əvvəl o, İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışıb. Qofman ümumilikdə təxminən 30 il İsrail ordusunda xidmət edib və indi ordudan kəşfiyyat xidmətinin başına keçən azsaylı “Mossad” liderlərindən biridir.

“AzPolitika” xəbər verir ki, İsrailin “Haaretz” qəzeti Qofmanın xatirələrinə istinadla maraqlı məlumat dərc edib.

Qofman 1976-cı ildə Sovet İttifaqının bir hissəsi olan Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə mühacirət edib. Qofmanın sözlərinə görə, əvvəllər o, öz yəhudi kimliyi haqqında demək olar ki, heç nə bilməyib və özünü daha çox rus hesab edib. Buna görə, İsraildə xeyli vaxt özünü özgə birisi kimi görüb və hətta ailəsinin İsrailə köçməsinin səbəbini anlamaqda çətinlik çəkib.

Belə ki, Belarusda Qofmanın atası xəstəxana müdiri olub. Lakin İsrailə köçdükdən sonra tikintidə qarovulçuluq etməyə başlayıb. Eyni vaxtda da tibbi ixtisas üçün ingilis dilində hazırlaşmağa məcbur olub. Qofmanın ixtisasca rus dili müəllimi olan anası isə İsraildə ofislərdə xadimə işləyib.


Yeniyetməlik illərində Qofman Aşdod küçələrində etnik mənsubiyyətinə görə təqiblərlə üzləşdiyini deyib. Bu onu boksla məşğul olmağa sövq edib.

İsrail ordusuna çağırılmazdan əvvəl Qofman oğurluğa görə həbsə düşüb. Avtomobildən maqnitofon oğurladığı üçün Aşkelondakı istintaq təcridxanasına göndərilib. "Bu, şok idi - üç narkomanla birlikdə kamerada keçirdiyim bir gecə. Özümə çəkilib bütün gecəni küncdə oturub bu nöqtəyə necə gəldiyimi düşündüm", - deyə o yazıb. Qofmanın valideynləri onun üçün girov pulu ödəyərək həbsdən çıxarıblar. Sonra isə hərbi xidmətə göndəriblər.

İsrail Müdafiə Qüvvələrinin elit bölmələri olan "kommando"larda xidmət etmək istəsə də, onu tank qoşunlarına götürüblər. Hərbi və ali təhsil alandan sonra gələcək “Mossad” şefi orduda bir çox vəzifələr daşıyıb. Briqada və diviziya komandiri postlarına qədər yüksəlib.

Onun bioqrafiyasında 7 oktyabr 2023-cü ilin - HƏMAS-ın İsrailə hücumu gününün xüsusi yeri var. Qofman həmin gün HƏMAS döyüşçüləri ilə atışmada ağır yaralanıb. Sağaldıqdan sonra bir neçə ay Fələstin ərazilərində mülki işlərin əlaqələndirilməsindən məsul olan COGAT bölməsinin qərargah rəisi vəzifəsində çalışıb.


2024-cü ilin aprelində Qofman Netanyahunun hərbi katibi təyin olunub və general-mayor rütbəsinə yüksəlib. Yeni vəzifəsində o, Qəzza zolağında girovların azad edilməsi üçün danışıqlar aparmaqdan ötrü Rusiyaya səfər edib.

Nəhayət, 2025-ci ilin dekabr ayında Netanyahu Qofmanın “Mossad” kəşfiyyat agentliyinə rəhbərlik edəcəyini və səlahiyyət müddəti 2026-cı ilin iyun ayında başa çatan David Barneanın yerinə keçəcəyini açıqlayıb. Qofmanın kəşfiyyat təcrübəsinin azlığına baxmayaraq, Netanyahu iddia edib ki, o, “Mossad”la sıx əlaqədə işləyib.

Bir sözlə, “Mossad”a elə də paralq bioqrafiyası və kəşfiyyat təcrübəsi olmayan birisi rəhbər təyin edilib. Bunun təşkilatın fəaliyyətinə necə təsir göstərəcəyini isə zaman göstərəcək.

C.Məmmədli

“AzPolitika.info”