Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iki saat davam edən gərgin iclasdan sonra müxalif "Güclü Ermənistan" Partiyalar Alyansının qeydiyyatının ləğv edilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə iqtidaryönlü "Respublika" Partiyasının müraciətini yekdilliklə rədd edib.
"AzPolitika" xəbər verir ki, qərarı oxuyan MSK sədri Vahaqn Hovakimyan müxalif blokun qeydiyyatının ləğv edilməsi üçün heç bir hüquqi əsasın olmadığını, qeydiyyatın qüvvədən düşmüş hesab edilməsi tələbinin isə tamamilə fərziyyələrə əsaslandığını bəyan edib.
Ermənistan Seçki Məcəlləsinə görə, bir partiya və ya blokun qeydiyyatı yalnız o halda ləğv edilə bilər ki, qeydiyyatdan sonra həmin siyasi qüvvənin sənədlərinin saxtalaşdırıldığı məlum olsun və bu fakt məhkəmə qərarı ilə təsdiq edilsin. MSK üzvləri hazırkı işdə belə bir hüquqi əsasın mövcud olmadığını diqqətə çatdırıblar. Qeydiyyatın qüvvədən düşməsi üçün isə qanun pozuntularının birbaşa namizədlər və ya partiya tərəfindən idarə olunduğuna dair konkret məhkəmə aktı tələb olunur ki, bu da təmin edilməyib.
"Respublika" Partiyasının sədri Aram Sarkisyanın adı ilə MSK-ya təqdim olunan müraciətdə iddia edilirdi ki, 2026-cı il parlament seçkilərinin təşviqat kampaniyası dövründə "Güclü Ermənistan" bloku və onlarla əlaqəli şəxslər tərəfindən seçicilərə kütləvi şəkildə rüşvət paylanılması və gizli maddi şirnikləndirmə halları baş verib. Müxalif "Güclü Ermənistan" Partiyası isə bu iddiaları qətiyyətlə təkzib edib.
Bundan əlavə, şikayət sənədində mətbuatda gedən yazılara istinad olunaraq, müxalifətin siyahısına rəhbərlik edən Narek Karapetyanın ikili vətəndaşlığı olduğu və bu blokun Baş nazir namizədi kimi təqdim etdiyi tanınmış milyarder, rusiyalı iş adamı Samvel Karapetyanın ikili vətəndaşlıq səbəbindən bu posta iddialı ola bilməyəcəyi vurğulanırdı.
"Respublika" Partiyası iclas zamanı MSK-dan tələb edib ki, Antikorrupsiya Komitəsi, Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidmətindən (MTX) seçki rüşvəti işi üzrə hüquq-mühafizə orqanlarının nəzarətinə düşən şəxslərin siyahısı barədə arayış tələb olunsun. Lakin MSK bu vəsatəti qanunsuz hesab edərək dərhal rədd edib.
"Güclü Ermənistan"ın nümayəndəsi, tanınmış vəkil və deputatlığa namizəd Aram Vardevanyan "Respublika" Partiyasının müraciətini "hüquqi cəfəngiyat" adlandırıb: "Seçki Məcəlləsi davamlı xarakter daşıyan qanun pozuntularından bəhs edir. Siz isə rəsmi mediada gedən fərziyyələrə əsaslanıb blokun qeydiyyatını ləğv etmək istəyirsiniz. Siyahımıza rəhbərlik edən Narek Karapetyanın heç bir prosessual statusu yoxdur, ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib".
“AzPolitika.info”

Şərhlər