“Çiçəklənən Ermənistan” Partiyası (ÇEP) minimum həddi keçə bilməyib və parlamentə düşməyəcək.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan öz “Facebook” səhifəsində Mərkəzi Seçki Komissiyasının(MSK) yeni dərc olunmuş məlumatlarına istinadla yazıb.
MSK-nın son rəsmi məlumatına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyası 49.825%, "Güclü Ermənistan" bloku 23.281%, "Ermənistan" bloku 9.934% səs toplayıb. Erməni iş adamı və kriminal aləmə yaxınlığı ilə tanınan Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 3.996% səs yığıb. Bu məlumatlardan aydın olur ki, partiya parlamentə keçid üçün minimum həddi - səslərin 4 faizini toplaya bilməyib.
Daha öncəki məlumatlarda hakim partiyanın 61, “Güclü Ermənistan”ın 28, “Ermənistan” blokunun 11, “Çiçəklənən Ermənistan”ın isə 5 mandata sahib olacağı bildirilirdi. İndi isə Arpine Ovannisyanın qeyd etdiyinə görə, milli azlıqlar üçün nəzərdə tutulmuş mandatların bölüşdürülməsi və səslərin paylanmasından sonra parlamentdə mandatların bölgüsü aşağıdakı kimi olacaq:
“Vətəndaş Müqaviləsi” Partiyası – 64 yer, “Güclü Ermənistan” bloku – 29 yer, “Ermənistan” bloku – 12 yer.
Beləliklə, “Vətəndaş Müqaviləsi” partiyasının mandatlarının sayı artır, partiya təkbaşına hökuməti formalaşdırır və Baş naziri seçir. O, həmçinin parlamentdəki deputatların ümumi sayının beşdə üçündən ibarət çoxluğu təmin edir və bu da ona konstitusiya qanunlarını qəbul etməyə və bir sıra mühüm vəzifəli şəxsləri seçməyə imkan verir. Lakin partiya deputatların ümumi sayının üçdə ikisinin dəstəyini təmin etmir və buna görə də konstitusiyaya dəyişiklik etmək üçün lazım olan konstitusiya çoxluğuna malik deyil. Bunun üçün Paşinyanın partiyasına cəmi 6 mandat çatmır. Artıq bəzi erməni politoloqlar bu çatışmazlığı aradan qaldırma qüçün hakim partiyanın müxalifətdəki gələcək deputatları müxtəlif yollarla ələ almağa çalışacağını bildirirlər.
“AzPolitika.info”

Şərhlər