Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi yeni qaydalara əsasən, avtomobili idarə etmək hüququ olan bir neçə şəxs olduqda sığorta haqqı hesablanarkən onların sığorta tarixçələri birgə nəzərə alınmayacaq. Bu halda avtomobili etibarnamə əsasında idarə etmək hüququna malik şəxslər arasında risk göstəricisi ən yüksək olan sürücünün Sığorta Tarixçəsi Əmsalı tətbiq ediləcək.
İyunun 16-dan etibarən qüvvəyə minəcək dəyişikliyə görə, mövcud “Bonus-Malus” sistemi ləğv edilərək fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq. Üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurulması ilə nəticələnən hər hadisəyə görə müvafiq əmsala 30 faiz əlavə olunacaq.
Bundan başqa, avtomobili idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq edilən əmsallarda da dəyişiklik edilir. Hazırda bir nəfər üçün 1, iki və ya daha çox şəxs üçün isə 1,15 əmsalı tətbiq olunur. Yeni qaydalara əsasən, 1,15 əmsalı yalnız avtomobili idarə etmək hüququ olan şəxslərin sayı beş və ya daha çox olduqda tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsalı qüvvədə olacaq.
Əsas məqam nədən ibarətdir?

Sığorta eksperti Vüsal Bədəlov “AzPolitika”ya açıqlamasında bildirib ki, dəyişikliklərin yaxın günlərdə qüvvəyə minməsi gözlənilir: “Burada əsas məsələ ondan ibarətdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ birdən çox şəxsə məxsus olduqda sığorta haqqının hesablanma qaydasında dəyişiklik edilir. Əvvəllər belə idi ki, avtomobili idarə etmək hüququ olan şəxslər arasında sığorta göstəricisi daha aşağı olan şəxsin adına sığorta rəsmiləşdirilirdi. Əksər hallarda avtomobil sahibləri və sığortalılar da məhz bundan istifadə edirdilər. Bu isə sığorta haqqı yığımının daha aşağı olması ilə nəticələnirdi”.
Ekspert qeyd edir ki, yeni dəyişiklikdən sonra bu cür sui-istifadə halları aradan qalxacaq: “Belə ki, nəqliyyat vasitəsini birdən artıq şəxs idarə edirsə, həmin şəxslərin sığorta tarixçələri nəzərə alınacaq. Bu zaman ən yüksək risk göstəricisinə malik şəxsin məlumatları tətbiq ediləcək. Təbii ki, bu dəyişiklik sığorta haqqı yığımlarında əhəmiyyətli fərq yaradacaq. Bunun real nəticələrini ilin sonunda və ya ümumi statistik göstəricilər açıqlananda daha aydın görmək mümkün olacaq. Hesab edirəm ki, sığorta yığımlarının artması birbaşa xidmət keyfiyyətinə də müsbət təsir göstərəcək. Gələcəkdə bu istiqamətdə atılacaq addımlar sığorta sektorunun inkişafına töhfə verə bilər”.

Ekspert əlavə edib ki, dəyişikliklər yalnız sığorta haqqının hesablanması ilə bağlı deyil: “Daha bir yenilik ondan ibarətdir ki, əvvəllər sığorta müqaviləsi kimin adına bağlanırdısa, qəzanı başqa sürücü törətsə belə, bonus-malus tarixçəsində dəyişiklik həmin şəxsin adına qeydə alınırdı. Yeni qaydalara əsasən isə hadisə zamanı avtomobili faktiki olaraq kim idarə edibsə, sığorta tarixçəsindəki dəyişiklik də həmin şəxsin adına tətbiq olunacaq. Başqa sözlə, sığorta müqaviləsinin başqa şəxsin adına rəsmiləşdirilməsi artıq həmin şəxsin bonus-malus göstəricilərinə təsir etməyəcək. Hadisənin nəticələri birbaşa avtomobili idarə edən sürücünün sığorta tarixçəsində əks olunacaq”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər