Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olmuş, ictimai-siyasi xadim İltizam Yusifovun öz "facebook" səhifəsindən paylaşdığı yazıda 2026-cı il futbol üzrə Dünya Çempionatının startı fonunda dünya futbolunun aktual məsələləri, milli komandalarda milli ruhun və yerli məşqçi amilinin rolu, futbolun kommersiyalaşmasının doğurduğu problemlər, eləcə də Azərbaycan və Türkiyə futbolunun mövcud vəziyyəti ilə bağlı düşüncələrini qeyd edib.
Yazıda həmçinin dünya futbol tarixində xüsusi yeri olan Meksikanın məşhur “Estadio Azteca” stadionunun tarixi, burada yaşanmış unudulmaz hadisələr və Dünya Çempionatının futbolsevərlər üçün yaratdığı maraqlı məqamlar yer alıb.

"AzPolitika" həmin yazını qısa ixtisrla təqdim edir.
"Futbol üzrə Dünya Çempionatına start verildi. 2026-cı il futbol üzrə Dünya Çempionatı rəsmən başlayıb. İlk dəfə olaraq Dünya Çempionatı eyni anda üç ölkədə – ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin ilk möhtəşəm açılış mərasimi Meksikanın paytaxtı Mexikodakı “Estadio Azteca” stadionunda keçirilib. Açılış nitqi ilə meksika əsilli amerikalı aktrisa Salma Hayek çıxış edib. Mərasimdə italyan opera müğənnisi Andrea Bocelli və cənubi koreyalı müğənni EJAE də çıxış ediblər.

Digər diqqətçəkən hadisə isə Shakiranın ifası oldu. Kolumbiyalı müğənni “Dai Dai” mahnısını ifa etdi və tarixdə dörd Dünya Kubokunun açılış proqramında iştirak edən ilk sənətçi oldu. O, əvvəllər 2006, 2010 və 2014-cü il turnirlərinin musiqi proqramlarında da iştirak edib.
Mənim ən çox sevdiyim stadionlardan biri, hətta birincisi məhz Meksikanın paytaxtı Mexikodakı “Estadio Azteca” stadionudur. Bu stadion dünyanın ən böyük stadionları sırasındadır.

“Azteka” stadionu ilə bağlı bəzi məqamlar da dünya futbol tarixində xüsusi yer tutur:
-Stadion 1966-cı ildə, yəni 60 il bundan əvvəl istifadəyə verilib və 87 525 tamaşaçı tutumuna malikdir. Lakin müxtəlif dövrlərdə 100 minə yaxın tamaşaçını qəbul edib. Dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən stadionlardan biridir;
-1968-ci ildə keçirilən Meksika–Braziliya yoldaşlıq oyununu 119 853 tamaşaçı izləyib. 1993-cü ildə isə Julio Çaveslə Qreq Hogen arasında keçirilən boks yarışını 132 247 nəfər izləyib;
-Bu stadion 1968-ci il Yay Olimpiya Oyunlarının yarışlarına ev sahibliyi edib;
-Bu stadionda artıq üç Dünya Çempionatının (1970, 1986 və 2026) oyunları keçirilib;
-Bu stadionda 1970-ci ilin finalında qalib gələn Braziliya yığması üçüncü dəfə Dünya Çempionu olaraq “Jules Rimet” kubokunu öz ölkəsinə apardı. Kuboku əfsanəvi Pelé başı üzərinə qaldırmışdı;
-1986-cı ildə məhz “Azteka” stadionunda əfsanəvi Diego Maradona İngiltərə millisinə qarşı məşhur “Tanrının əli” qolunu vurub;
-Elə həmin stadionda Dieqo Maradona FIFA tərəfindən XX əsrin ən gözəl qollarından biri hesab edilən möhtəşəm solo keçidlə vurduğu qola imza atıb;
-1986-cı ildə Meksika–Bolqarıstan oyununda meksikalı futbolçu Manuel Neqretenin aşırma zərbə ilə vurduğu qol və oyunun yaratdığı emosional atmosfer sonradan “Meksika dalğası”nın bütün dünyaya yayılması ilə əlaqələndirilir;
-Bu stadionda keçirilən konsertlərdə Michael Jackson, Elton John, Luciano Pavarotti, Plácido Domingo, José Carreras və digər dünya şöhrətli sənətçilər çıxış ediblər. Həmçinin Roma Papası Pope John Paul II də bu stadionda çıxış edib.
Dünya Çempionatı yeni başlayıb. Lakin artıq ilk oyunlar bir daha göstərir ki, klub komandalarının oyunları və turnirləri ilə milli komandaların oyunları, onların səviyyəsi və təşkilatı arasında ciddi fərqlər mövcuddur. Klub futbolu böyük ölçüdə kommersiyalaşıb və heç də hər zaman həmin ölkənin milli futbolunun göstəricisi deyil. Bunu İngiltərə futbolunda daha aydın görmək olar. Dünyanın ən güclü çempionatlarından biri İngiltərə Premyer Liqasıdır. Amma ingilislər Dünya Çempionu titulunu cəmi bir dəfə qazanıblar.

Canımız Türkiyə də Dünya Çempionatına çətinliklə olsa da vəsiqə qazana bildi. Bəli, çətinliklə. Bu gün ilk oyununu Avstraliya ilə keçirdi və 0:2 hesabı ilə məğlub oldu. Avstraliyalıların oyun təşkili möhtəşəm idi. Fiziki hazırlıqlarına da söz ola bilməzdi. Ayrı-ayrılıqda yaxşı futbolçuların olmasına baxmayaraq, Türkiyə millisi demək olar ki, oynaya bilmədi. Hiss olunmadı ki, onların arxasında 86 milyonluq Türkiyə və 300 milyonluq Türk dünyası dayanır. Milli ruh hiss olunmadı. Milli ruhu aşılayan isə əsasən məşqçilərdir. Məşqçi amili bütün komponentlər arasında əsas faktorlardan biridir.
1930-cu ildən keçirilən Dünya Çempionatlarında çempion olmuş komandaların məşqçilərinin milliyyətinə baxaq:
- Braziliya 5 dəfə Dünya Çempionu olub. Bu qələbələrin hamısı braziliyalı məşqçilərlə əldə olunub.
- İtaliya 4 dəfə Dünya Çempionu olub. Dördündə də məşqçi italiyalı olub.
- Almaniya 4 dəfə Dünya Çempionu olub. Dördündə də məşqçi alman olub.
- Argentina 3 dəfə Dünya Çempionu olub. Üçündə də məşqçi argentinalı olub.
- Fransa 2 dəfə Dünya Çempionu olub. Hər iki halda məşqçi fransız olub.
- Uruqvay 2 dəfə Dünya Çempionu olub. Hər iki halda məşqçi uruqvaylı olub.
- İspaniya 1 dəfə Dünya Çempionu olub. Məşqçi ispaniyalı olub.
- İngiltərə 1 dəfə Dünya Çempionu olub. Məşqçi ingilis olub.

Deməli, analiz göstərir ki, 1930-cu ildən keçirilən Dünya Çempionatlarında qalib ölkələrin komandalarına həmin ölkənin vətəndaşı olan məşqçilər rəhbərlik ediblər. Deməli, bu qanunauyğunluq uzun illərdir pozulmur.
23-cü Dünya Çempionatı yeni başlayıb. Qarşıda hələ bir aydan çox vaxt və çoxlu oyunlar var. Hesab edirəm ki, bu qanunauyğunluq yenə də özünü doğruldacaq. Bu gün güclü İspaniyaya ispaniyalı, güclü Fransaya isə fransız məşqçi rəhbərlik edir.
Türkiyə millisi cəmi bir dəfə – 2002-ci il Dünya Çempionatında üçüncü olaraq bürünc medal qazanıb. Həmin vaxt komandanın baş məşqçisi Şenol Güneş idi. Məncə, Şenol Günəşin, Fatih Terimin və başqalarının verə biləcəyi ruhu və motivasiyanı Montella tam şəkildə verə bilmir.

Deməli, “milli ruhu” kənardan gətirmək olmur. Hətta deyərdim ki, “milli ruhu kommersiyalaşdırmaq olmur” paradiqması futbolda müəyyən mənada özünü doğruldur.
Növbəti bir məqam. Bəli, bu gün dünyada güclü məşqçilər ordusu formalaşıb. Artıq onlar dünya futboluna təsir göstərirlər. Razıyam, məşqçi böyük faktordur. Lakin yeni başlayan çempionat bir daha sübut edir ki, hansı ölkədə məşqçi problemi varsa, həmin ölkənin futbolu da müəyyən problemlər yaşayır. Bu, futbol nəhəngi olan Braziliyada da görünür. Düşünmürəm ki, italyan məşqçi Carlo Ancelotti Braziliya ruhunu tam şəkildə daşıya bilsin.
Bu hal Azərbaycan çempionatında da başqa formada – legionerlərin sayında özünü göstərir. 2026-cı ilin mart ayında ölkə çempionatında və kubokunda keçirilən “Qarabağ” – “Sabah” oyununda meydanda olan 22 futbolçudan 21-i əcnəbi idi. Yalnız bir nəfər – Tural Bayramov Azərbaycan vətəndaşı idi. Bu isə Azərbaycan futbolunun inkişafı baxımından ciddi düşündürücü məqamdır.
Digər bir məsələ də odur ki, ölkədə futbol akademiyaları demək olar ki, yoxdur. Ən azından, varsa da, onların fəaliyyəti kifayət qədər hiss olunmur. Ölkədə ən yaxşı bazaya və ən yaxşı akademiyaya malik qurumlardan biri “Sabah” FK-nın Futbol Akademiyası hesab olunur. Maraqlıdır ki, ölkə çempionu olan “Sabah” FK-nın əsas heyətində akademiyanın yetişdirdiyi bir nəfər də futbolçu yoxdur...
Ümumi nəticə isə həmişəki kimi bəllidir. Son görüşlərdə millimiz Maltaya 0:2 hesabı ilə məğlub olur. Deməli, milli komandaların uğurları bütün komponentləri ilə müəyyən mənada milliliyə bağlıdır.
Hələlik isə Dünya Çempionatını izləyək və əsl futboldan zövq alaq.
Qeyd: Bu Dünya Çempionatında istifadə olunan “Trionda” adlı rəsmi futbol topu ilk dəfə olaraq daxilində məlumatları ani ötürən xüsusi çiplə təchiz edilib və yüksək texnologiyalar əsasında hazırlanıb".

Şərhlər