Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı deputat Vüqar Bayramov Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı şərh edib.
"AzPolitika" xəbər verir ki, deputatın sözlərinə görə, sənədə əsasən, gələn aydan etibarən ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara dövlət tərəfindən kompensasiyaların ödənilməsinə başlanacaq.
V. Bayramov bildirib ki, bu vəsaiti Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlar (KOB-lar) ala biləcəklər. Dəstək mexanizmi çərçivəsində onların ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
İqtisadçı deputat kompensasiyanın verilmə şərtləri və qaydalarını da diqqətə çatdırıb:
Kompensasiyalar məhz malların yerli mənşəyini təsdiqləyən mənşə sertifikatı əsasında müəyyənləşdiriləcək;
Kompensasiya məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqlənəcək. Hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən olunacaq və ödənişlər buna əsasən həyata keçiriləcək.
Dəstək mexanizmi 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına şamil ediləcək.
Vüqar Bayramov vurğulayıb ki, kompensasiyaların verilməsi ixracatçı mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə geniş imkan yaradacaq. Bu addım, həmçinin qeyri-neft-qaz ixracının strukturunun müsbət yönə dəyişməsinə və xarici bazarlar üzrə şaxələnməsinə şərait yaradacaq.
"AzPoıitika.info"

Şərhlər