Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müavinət və təqaüd sisteminin proaktiv formata keçirilməsi bu istiqamətdə əhatə dairəsinin hər il stabil olaraq artmasına səbəb olur. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı ən son göstəricilər ölkədə sosial təminat sistemindən yararlananların sayında mühüm artım dinamikasının davam etdiyini göstərir.

Rəsmi məlumatlara görə, 2026-cı ilin may ayında ölkə üzrə aylıq sosial müavinət və təqaüd alanların ümumi sayısı 888 178 nəfər təşkil edib. Dövlət dəstəyi alan bu şəxslərin daxili strukturuna nəzər saldıqda iki əsas qrup diqqət çəkir:

Aylıq sosial müavinət alanlar: 480 601 nəfər

Prezident təqaüdü alanlar: 407 577 nəfər

Bu rəqəmlər göstərir ki, hazırda dövlətin xüsusi qayğı göstərdiyi təbəqənin böyük bir hissəsi həm birbaşa müavinətlər, həm də fərdi təqaüdlər vasitəsilə maliyyə təminatı ilə əhatə olunub.

Dövlət Sosial Müdafiə Fondunun son 5 ilə aid arxiv may ayı hesabatları müqayisə edildikdə, ölkədə sosial müdafiə sisteminin əhatə dairəsinin ilbəil genişləndiyi aydın şəkildə görünür.

Belə ki, 2021-ci ilin may ayında ölkədə aylıq sosial müavinət və təqaüd alanların ümumi sayı təxminən 695 min nəfər səviyyəsində idi. Həmin dövrdə müavinət alanlar 399 min nəfərə yaxın, Prezident təqaüdü alanlar isə təxminən 295 min nəfər təşkil edirdi.

Sonrakı illərdə dövlət proqramlarının şaxələndirilməsi rəqəmlərin sürətlə yüksəlməsinə təkan verdi. Artıq 2024-cü ilin mayına gəldikdə ümumi say 848 min nəfərə, 2025-ci ilin müvafiq dövründə isə 868 min nəfərə çatıb.

Nəhayət, 2026-cı ilin may ayında qeydə alınan 888 178 nəfərlik (480 601 nəfər müavinət, 407 577 nəfər təqaüd) son göstərici bu genişlənmə trendinin ən pik nöqtəsidir.

Trend nəyi göstərir?

Ümumi artımdakı sıçrayış var. Belə ki, 2021-ci ilin mayı ilə müqayisədə, 2026-cı ilin eyni ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 193 min nəfərdən çox (təxminən 27.7%) artıb.

İkinci amil təqaüd proqramlarının genişlənməsidir. Diqqətçəkən ən böyük artım məhz Prezident təqaüdü alanların sayında qeydə alınıb. 5 il əvvəl bu rəqəm 295 min idisə, bu gün artıq 407 mini keçib. Bu, şəhid ailələri, müharibə veteranları, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün fərdi təqaüd növlərinin həm şaxələndirilməsinin, həm də təyinat şərtlərinin rəqəmsallaşdırılmasının nəticəsidir.

Burada proaktiv təyinatların rolu da qeyd olunmalıdır. Son illərdə tətbiq edilən elektron və proaktiv təyinat sistemləri vətəndaşların sənəd toplamaq və növbələrdə gözləmək rituallarına son qoyub. Hüququ yaranan şəxslərə xidmətlərin avtomatik təqdim edilməsi sosial müdafiə şəbəkəsinin ədalətli və operativ şəkildə böyüməsini stimullaşdıran əsas amildir.

Nəticə etibarilə, rəqəmlər Azərbaycanda neft gəlirlərindən və ümumi büdcədən sosial sahəyə ayrılan payın hər il artdığını, dövlətin öz sosial funksiyasını icra etdiyini təsdiqləyir.

E.Rüstəmli

"AzPolitika.info"