Prezident İlham Əliyev bu gün - 16 iyunda qeyri-neft-qaz sektorunun inkişafını stimullaşdıracaq çox mühüm bir Fərman imzalayıb. Sənəd yerli məhsulların xarici bazarlara çıxarılmasını asanlaşdırmaq və sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır.

Bəs bu Fərmanın mahiyyəti nədir, sənəd kimlərə şamil olunur və hansı yenilikləri gətirir?

"AzPolitika” bildirir ki, əsas yenilik ondan ibarətdir ki, dövlət qeyri-neft-qaz məhsulları ixrac edən yerli şirkətlərin gömrükdə ödədikləri rəsmiləşdirilmə yığımlarını (xərclərini) onlara geri qaytaracaq (kompensasiya edəcək). Yəni sahibkar malını ölkədən çıxararkən gömrüyə pul ödəyəcək, rüb bitdikdən sonra isə dövlət (İqtisadiyyat Nazirliyi) həmin vəsaiti büdcə hesabına sahibkarın cibinə geri qoyacaq.

Bu dəstəyin kimlərə aid olacağına gəlincə, bu güzəştdən hamı yox, məhz iqtisadiyyatın onurğası sayılan KOB-lar – mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlana biləcəklər. Böyük holdinqlər və neft-qaz sektorunda fəaliyyət göstərənlər bu proqrama daxil deyil.

Hansı şərtlər var?

Məhsul mütləq yerli olmalıdır. Malın Azərbaycanda istehsal olunduğu rəsmi "Mənşə sertifikatı" ilə sübut edilməlidir. Başqa ölkədən gətirilib buradan təkrar ixrac edilən (re-ixrac) mallara bu qayda aid edilmir.

Faktiki ixrac şərtdir. Pul yalnız gömrükdən real olaraq keçən və xaricə göndərilən mallara görə geri veriləcək.

Yuxarı hədd (limit) olacaq. Yəni hər gömrük bəyannaməsi üzrə geri qaytarılacaq maksimum məbləği İqtisadiyyat Nazirliyi yaxın 3 ayda müəyyən edəcək. Yəni dövlət xərclərin hamısını və ya böyük hissəsini müəyyən bir limit daxilində ödəyəcək.

Sahibkarlar üçün əlavə "gömrük sığortası"

Fərmanda çox mühüm bir qoruyucu bənd var. Bu mexanizm qüvvədə olduğu müddətdə qeyri-neft mallarının ixracı zamanı gömrük nəzarəti, malların müşayiəti və saxlanmasına görə alınan yığımların qiymətinin artırılması qadağan olunur. Bu, sahibkarları gözlənilməz gömrük xərclərindən sığortalayır.

Proses necə tənzimlənəcək və nə vaxt qüvvəyə minir?

Hökumətə və İqtisadiyyat Nazirliyinə 3 ay vaxt verilib. Onlar güzəşt şamil olunacaq malların və ölkələrin siyahısını, həmçinin sahibkarların müraciət qaydasını hazırlayacaqlar. Onu da vurğulayaq ki, bu qayda 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 2031-ci ilin sonuna qədər (təxminən 5 il) qüvvədə olacaq. Maliyyələşmə isə 2027–2031-ci illərin dövlət büdcələrində rəsmən nəzərdə tutulacaq.

Sonda qeyd edək ki, bu addım xüsusilə aqrar sektorda, tekstildə və digər xidmət/istehsal sahələrində çalışan kiçik və orta regional sahibkarlar üçün böyük stimuldur. Gömrük xərclərinin azalması Azərbaycan məhsullarının xarici bazarlarda (məsələn, Rusiya, Türkiyə, Körfəz ölkələri və Avropada) daha ucuz və rəqabətədavamlı olmasına imkan yaradacaq.

E.Rüstəmli

"AzPolitika.info"