“O-ho-ho-ho... dəhşətli bir zərbə... tükürpədici qol, titrətdi dağıtdı... ildırım kimi çaxdı... Mbappe.. Əfsanə bir qol, əfsanə adamdan...” Bu, hazırda davam edən futbol üzrə Dünya Çempionatının oyunlarını şərh edən aparıcılardan birinin vurulan qola reaksiyasıdır. Əslində, nə qol “dəhşətli” və “əfsanəvidir”, nə də Mbappe əfsanədir. Mbappeni və onun qolunu, formasını geydiyi Fransada belə çətin ki, hansısa şərhçi bu cür hay-küylə, pafosla şərh edə.

Belə misallar saysız-hesabsızdır. Təəssüf ki, hər böyük futbol bayramı – dünya, yaxud avropa çempionatı gələndə, futboldan daha çox bizim bəzi şərhçilərin nitqi və şərhləri müzakirə olunmağa başlayır. Bəli, diksiya və nitq mədəniyyətinin formalaşdırılması istiqamətində hələ də ciddi boşluqlar qalmaqdadır.. Heç tamaşaçı da aparıcılardan yüksək peşəkarlıq, qabiliyyət, intellekt tələb etmir. Amma heç olmasa, bu cür böyük idman yarışlarının şərhi zamanı tamaşaçıya hörmət xatirinə nə yolla olursa olsun tanınmaq, ad çıxarmaq istəklərini bir kənara qoysunlar. Axı, belə aparıcılıqdan və şərhlərdən ən zövqsüz tamaşaçı da razı qala, zövq ala bilməz. Yaxşı olar ki, bu aparıcılar hərdən sosial şəbəkələrdə insanların reaksiyalarına nəzər yetirsinlər...

Bəzi şərhçilərin süni qol sevinclərinin, saxta pafoslarının, şit və mənasız replikalarının, bayağı “folklor nümunələri”nin əlindən normal şəkildə futbola baxmaq mümkün deyil - tək futbolun yox, doğma ana dilimizin norma və qaydalarına da ciddi xələl gətirirlər.

Məsələn, “tükürpədici qol” nə deməkdir? Görəsən, aparıcının özündən başqa bu qola kimin tükü ürpənib? Şişirtmənin də bir həddi-hüdudu olmazmı? Məşhur filmdə deyildiyi kimi - “bu qədər də barıt qoyarlar?”...

Kimsə bu cür aparıcılara desin ki, tükürpədici qol olmur, amma qeyri-təbii intonasiya, yorucu və yersiz şərhlər təəssüf ki, olur və bu, tamaşaçını ən sevimli idman növündən belə uzaq salır. Xahiş və rica edirik – imkan verin bu futbol bayramına öz doğma dilimizdə, əsəb keçirmədən baxa bilək...

C.Məmmədli

“AzPolitika.info”