G7 ölkələrinin liderləri Livanda dərhal atəşkəs təmin olunmasını tələb ediblər və regiondakı müharibəyə son qoyulması məqsədilə ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti razılaşmanı (anlaşma memorandumunu) müsbət qarşıladıqlarını bəyan ediblər.

"Az

Politika" xəbər verir ki, bu barədə "Reuters" agentliyi G7 liderlərinin Fransanın Evian-le-Ben şəhərində keçirilən sammitinin yekun bəyanatına istinadən məlumat yayıb.

Liderlər bəyanatda regional gərginliyin azaldılması üçün Livanda "təcili və effektiv atəşkəs" əldə olunmasının və "Hizbullah"ın tərksilah edilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və onun regiondakı ballistik fəaliyyətləri ilə bağlı təhdidlərin aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunmuş müvəqqəti razılaşmanın detallarını Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya rəhbərlərinə təqdim edib. Rəsmi olaraq cümə günü İsveçrə sərhədində açıqlanması gözlənilən bu sənəd, aprel ayında elan edilmiş atəşkəsin daha 60 gün uzadılmasını və tərəflərin daimi sülh sazişi üçün danışıqlara başlamasını nəzərdə tutur.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Donald Tramp İsrailin Livan cəbhəsindəki fəaliyyətindən narazı qaldığını gizlətməyib:

"Mən İsrailin Livan və 'Hizbullah'la bağlı apardığı prosesdən məmnun deyiləm. Onlar bu işi daha tez bitirməli idilər. Bu proses sonsuzadək uzanır və belə olduqda, İranla əldə etdiyimiz böyük razılaşmanın üzərinə kölgə salır. Amma bir şeyi unutmasınlar - biz olmasaydıq, mən olmasaydım, İsrail olmazdı. Çünki heç bir digər prezident mənim etdiklərimi etməyə cəsarət etməyib".

ABŞ Prezidenti həmçinin xəbərdarlıq edib ki, imzalanan sənəd hələlik sadəcə bir anlaşma memorandumudur: "Əgər bu razılaşma mənim xoşuma gəlməsə və ya onlar özlərini doğru aparmasalar, biz yenidən onların başına bombalar yağdırmağa qayıdacağıq".

G7 ölkələri həmçinin bəyan ediblər ki, İranla müharibə fonunda qlobal enerji təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ enerji tədarükü marşrutlarının şaxələndirilməsini sürətləndirəcəklər. ABŞ rəsmiləri isə saziş çərçivəsində İran neftinə tətbiq edilən sanksiyaların müvəqqəti dayandırılacağını və bunun dünya bazarına milyonlarla barrel əlavə xam neft çıxaracağını bildiriblər.

Yekun bəyanatda G7 liderləri Ukraynaya olan dəstəklərini bir daha nümayiş etdirərək, Rusiyaya qarşı sanksiyaların genişləndiriləcəyini də bəyan ediblər.

“AzPolitika.info”