2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı 1172,1 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumatlara əsasən, ölkədə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışanlara ödənilib. Bu sahədə orta aylıq əməkhaqqı 4 327,8 manat olub ki, bu da ölkə üzrə orta göstəricidən təxminən 3,7 dəfə çoxdur.
Yüksək maaşlı sahələr sırasında ilk yeri mədənçıxarma sənayesi tutur. Sektor üzrə dövlət müəssisələrində orta aylıq əməkhaqqı 2 530,2 manat, qeyri-dövlət müəssisələrində isə 5 189,2 manat olub. Bu fərq özəl sektorda fəaliyyət göstərən neft-qaz və hasilat şirkətlərinin yüksək əməkhaqqı siyasəti ilə izah edilir.
Əməkhaqqının yüksək olduğu digər sahə maliyyə və sığorta fəaliyyətidir. Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 3 261,5 manat təşkil edib. Dövlət sektorunda göstərici 4 977,7 manat, özəl sektorda isə 2 874,4 manat olub. Maliyyə sektorunda ixtisaslı kadr tələbatının yüksək olması əməkhaqqı səviyyəsinə birbaşa təsir göstərir.

İnformasiya və rabitə sektorunda orta aylıq əməkhaqqı 2 158,8 manat olub. Dövlət müəssisələrində bu göstərici 1 931,7 manat, özəl müəssisələrdə isə 2 299,8 manat təşkil edib. Rəqəmsal iqtisadiyyatın inkişafı və informasiya texnologiyaları sahəsində peşəkar kadrlara artan tələbat maaşların yüksək qalmasına səbəb olur.
Peşə, elmi və texniki fəaliyyət sahəsində orta əməkhaqqı 1 989,9 manat olub. Özəl sektorda çalışanlar orta hesabla 2 466,3 manat, dövlət sektorunda isə 1 418,7 manat əməkhaqqı alıblar. Bu sahədə mühəndislik, konsaltinq, elmi tədqiqat və digər yüksək ixtisas tələb edən fəaliyyətlər üstünlük təşkil edir.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində orta aylıq əməkhaqqı 1 559,2 manat təşkil edib. Dövlət sektorunda əməkhaqqı 1 672 manat, özəl sektorda isə 1 392,1 manat olub.
Ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sektorda çalışanların orta maaşı cəmi 744,1 manat olub. Dövlət sektorunda əməkhaqqı 800,7 manat, özəl sektorda isə 727,9 manat təşkil edib.
Aşağı maaşlı sahələr sırasında ticarət və nəqliyyat vasitələrinin təmiri (764,7 manat), turizm və ictimai iaşə (805,8 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (804,7 manat) da yer alıb.
"AzPolitika.info"

Şərhlər