Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 18-də Ukrayna hərbçilərinin gecə saatlarında Moskvaya təşkil etdiyi pilotsuz uçuş aparatı (PUA) hücumlarını şərh edərkən Rusiya cəmiyyətinə və Kremlin rəhbərliyinə yönəlik kəskin bəyanatlarla çıxış edib.

“AzPolitika” xəbər verir ki, Zelenski Rusiya vətəndaşlarının artıq "ayılmalı" və müharibənin dayandırılması üçün Vladimir Putinə təzyiq göstərməli olduqlarını bildirib.

Ukrayna liderinin sözlərinə görə, Putinə təzyiqi təkcə Ukrayna və onun müttəfiqləri deyil, həm də rusiyalıların özləri etməlidir: "Əsas odur ki, Rusiya xalqı bunu hiss etməyə başlasın: müharibəni yalnız bir nəfər – Rusiya Prezidenti Putin istəyir, lakin bunun bədəlini ölkənin bütün sakinləri ödəyir".

Zelenski daha əvvəl əldə etdikləri kəşfiyyat məlumatlarına istinadən Rusiya cəmiyyətinin 60%-nin artıq müharibənin əleyhinə olduğunu, lakin Putinin ətrafındakı müəyyən qüvvələrin eskalasiyanı dəstəklədiyini vurğulayıb.

Ukrayna PUA-larının son üç gündə ikinci dəfə Moskva ətrafına hücumu nəticəsində paytaxtın cənub-şərqində (Kapotnyada) yerləşən Neft Emalı Zavodu (NEZ) yenidən hədəf alınıb. Hücum Moskvada aviasiya hərəkətinin genişmiqyaslı pozulmasına, küçə və şose yollarının bağlanmasına səbəb olub.

Bundan əlavə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" bazarı və Moskvaətrafı ərazilərdəki bir neçə yaşayış binası zərər çəkib. İlkin məlumatlara görə, hadisə nəticəsində 17 nəfər yaralanıb.

Zelenski bu zərbələri Rusiyanın son günlər Kiyevə təşkil etdiyi kütləvi hücumlara "tamamilə ədalətli" cavab adlandırıb: "Kiyev-Peçersk Lavrasına zərbə endiriləndən və orada yanğın başlayandan sonra mən hamının Ukraynanın cavabını görəcəyini demişdim və indi bunu gördülər. Moskva ətrafındakı üç qat hava hücumundan müdafiə (HÖM) sisteminə rəğmən, biz buraları vuracağımızı demişdik. Əgər Putin müharibəni bitirmək istəmirsə, biz sakit oturmayacağıq, cavab verəcəyik. Ukrayna heç vaxt müharibə istəməyib, amma rusiyalılar anlamalıdır: əgər Ukrayna yanırsa, sizin Moskva da yanacaq".

Zelenskinin bu bəyanatları onun ABŞ Prezidenti Donald Trampla da təkbətək söhbət etdiyi G7 sammitindən dərhal sonraya təsadüf edir. "Böyük Yeddilik" liderləri Ukraynaya dəstəklərini ifadə edərək, müharibənin dinamikasının artıq Kiyevin xeyrinə dəyişdiyini qeyd ediblər. Qərb analitikləri də rəsmi Kiyevin Rusiya daxilinə endirdiyi uzaqmənzilli zərbələrin bu dinamikada mühüm rol oynadığını bildirirlər.

Rusiya rəhbərliyi hələlik Moskvaya edilən son hücumla bağlı rəsmi geniş şərh verməyib. Bununla belə, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Ukraynanın müharibədə uğur qazanması barədə yayılan tezislər reallığı əks etdirmir.

“AzPolitika.info”