Moskva və Moskva vilayətinin sakinləri ötən gecə və səhər Ukraynanın ən böyük PUA hücumu zamanı xəbərdarlıqların və hava hücumu sirenlərinin olmamasından şikayətlənirlər.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında və “Telegram” kanallarında moskvalıların çoxsaylı şikayət və müraciətləri dərc edilib.
Moskva sakinləri sosial mediada Vladimir Putini hədəf almaqdan çəkinsələr də qubernator Andrey Vorobyovdan şikayətlərini gizlətmirlər. Sakinlər heç bir SMS mesajı, küçələrdə siren və ya hakimiyyət orqanlarından hər hansı digər xəbərdarlıq olmadığını bildirirlər.
"Niyə xəbərdarlıq sistemi yoxdur? Nə sirenlər, nə SMS-lər var. İnsanlar dronların gəldiyini özləri anlamalıdırlarmı?" - deyə şərhçilərdən biri yazıb.
Moskva sakinləri təhlükəni yalnız dron uçuşlarını və ya onların zərbə endirdiyini gördükdən sonra anlayıblar. Rəsmilər isə vətəndaşların şikayətlərinə cavab olaraq bildiriblər ki, "qeyri-müəyyən vəziyyətdə kütləvi bildirişlər təhlükənin özündən daha çox zərər verə bilər, çünki onlar panika və xaos yaradır".
Bununla yanaşı, yerli administrasiyalar çoxsaylı sorğulara baxmayaraq, sakinlərə sığınacaqlar haqqında məlumat verməkdən də imtina ediblər. Sakinlərə deyilib ki, sığınacaqların yeri barədə məlumat "səfərbərlik və müharibə dövründə" ictimaiyyətə çatdırılacaq.
Belə görünür ki, Kremlin əsas məqsədi Ukraynanın son PUA hücumunun media və ictimai effektini mümkün qədər azaltmaqdır. Bu cür hücumların xəbərdarlıq sistemi işə salınmadığına görə əhalinin həyatı üçün yaratdığı təhlükə isə Kreml az maraqlandırır.
“AzPolitika.info”

Şərhlər