Ukrayna hazırda uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsal həcminə görə Rusiya ilə eyni səviyyəyə çatıb, hətta bəzi göstəricilər üzrə onu qabaqlamış ola bilər.
Bu fikri ukraynalı aviasiya eksperti Boqdan Dolintse səsləndirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın həyata keçirdiyi kütləvi hava hücumlarına bənzər əməliyyatlar keçirmək imkanlarını artırır.
Ekspert bildirib ki, son kütləvi hücumlar arasındakı müddət təxminən 10-14 gün təşkil edir ki, bu da Rusiyanın istifadə etdiyi intervallarla müqayisə oluna bilər. Onun sözlərinə görə, belə hücumların məqsədi qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini yormaq və daim gərgin vəziyyətdə saxlamaqdır.
Dolintse Ukraynanın ballistik raket proqramına da toxunub. O qeyd edib ki, Ukrayna 2024-cü ildə özünün hazırladığı bəzi eksperimental ballistik raket platformalarını Rusiya ərazisinə qarşı sınaq məqsədilə tətbiq edib. Ekspertin sözlərinə görə, həmin sistemlər uzun illər əvvəl hazırlanmış "Qrom-2" layihəsi əsasında yaradılıb.
O əlavə edib ki, Ukraynada yeni raket sistemləri üzərində işləyən istehsalçılar olsa da, onların döyüş şəraitində geniş tətbiqi hələ müşahidə edilməyib.
Aviasiya eksperti hesab edir ki, Ukrayna gələcəkdə öz ballistik raketlərini istifadəyə verərsə, Rusiyanın bu hücumların qarşısını almaq imkanları məhdud olacaq. Onun fikrincə, Rusiya hava hücumundan müdafiə sistemlərinin belə raketlərə qarşı effektivliyi 30-40 faizdən artıq olmayacaq.
"AzPolitika.info"

Şərhlər