Azad İsazadə: “Sözsüz ki, İran diplomatları fantastik iş görüblər”
Tanınmış hərbi analitik Azad İsazadə regionda mövcud hərbi siyasi durumla bağlı “AzPolitika”nın suallarını cavablandırıb. Bura Ukraynanın Rusiya paytaxtına vurduğu zərbələrdən sonra yaranmış vəziyyət, Kremldə daxili siyasi mübarizə, ABŞ-İran danışıqlarının perspektivi, eləcə də Ermənistanda keçirilmiş seçkilərdən sonra Azərbaycanla sülh gündəminin inkişafı ilə bağlı mövzular daxildir.
Müsahibəni təqdim edirik:
- Azad bəy, Rusiyanın paytaxtına və arxa cəbhəsinə endirilən zərbələrdən sonra bu ölkədə yaranmış vəziyyəti necə təsvir edirsiniz? Bu zərbələrə qədər Putin bəyan edirdi ki, biz irəliləyirik, Ukrayna ordusu zəifləyir və s. Əhali isə bu zərbələrdən sonra gördü ki, Putinin dedikləri ilə real hadisələr arasında fərq var. Müharibə gəlib Rusiya paytaxtına çatıb…
- Əlbəttə, Moskvaya vurulan zərbə ilk növbədə əhaliyə göstərdi ki, təbliğatla real hadisələr fərqlidir. Deməli, əgər Moskvada vəziyyət fərqlidirsə, cəbhə zonasında da fərqlidir, Ukraynada və dünyada da fərqlidir. Baş verənlər bir tərəfdən də Rusiyaya iqtisadi zərbədir. Sözsüz ki, hazırda ümumiyyətlə Rusiya qıtlıq yaşadığı bir dövrdədir və bu qıtlıq artıq Moskvada da hiss olunmağa başlayacaq. Moskva öz əhalisinin sayına görə praktiki olaraq Azərbaycan boydadır, təxminən 8-10 milyon nəfərdir. Deməli, Azərbaycan boyda bir şəhərin təminatı yalnız dəmir yolu və ya təyyarə ilə həyata keçirilə bilməz. İlk növbədə avtomobil nəqliyyatı vacibdir. Ərzaq, su və digər gündəlik tələbat məhsulları bununla daşınır. Şəhərin təminatı yanacaqdan çox asılıdır. Yaxşı, taksi işləməyəcək, camaat maşınla yox, metro ilə gedib-gələcək və s. Amma gündəlik tələbatın təminatı sözsüz ki, yanacaqdan çox asılıdır.
"Putinə qarşı əvvəllər həm qorxu, həm də hörmət var idi. İndi isə qorxu qalır, amma əvvəlki hörmət yoxdur"
Bilmirəm, bu məlumat realdır, ya yox, amma deyirlər ki, vurulan zavod Moskvanın dizel və aviasiya kerosininə olan tələbatının 40 faizini təmin edirdi. Hesab edək ki, zavodun hamısı yox, yarısı dağıdılıb və s. Amma Rusiyanın ətraf vilayətlərində və Moskva ətrafında yanacaq qıtlığı artıq hiss olunurdu. İndi isə Moskva istər-istəməz özünü yanacaqla təmin etmək üçün qonşu vilayətlərdən istifadə edəcək. Krım praktiki olaraq yanacaqsızdır, Rostovda yanacaq çatışmazlığı var, bütün cəbhə zonası yanacaq qıtlığını hiss edir. İndi Moskvada da başlayıbsa, istər-istəməz bu proses davam edəcək. Bu da zəncirvari təsirdir. Bunu indi hiss etmək çətindir, amma payızda hiss olunacaq. Hazırda kənd təsərrüfatında əkin mövsümü və avqustda məhsul yığımı dövrüdür. Orada da istər kombayn, istər yük maşını və digər texnika yanacaq və dizel olmadan işləyə bilməz. Deməli, ərzaq qıtlığı da ola bilər.
Bu məsələ həm hərbi baxımdan, həm siyasi-iqtisadi baxımdan önəmlidir. Üstəlik, payızda seçkilər də var. Putinə qarşı əvvəllər həm qorxu, həm də hörmət var idi. İndi isə qorxu qalır, amma əvvəlki hörmət yoxdur. Zarafatlarda, müxtəlif videolarda və s. onunla bağlı müxtəlif məzmunlar yayılır. İnsanlar hələ də qorxurlar, amma artıq ona hörmət etmirlər. Vaxtilə Brejnev haqqında lətifələr yayılmağa başlayanda başa düşdük ki, vəziyyət dəyişir. Stalin haqqında lətifələr yayılmırdı, çünki qorxu var idi və bu, real qorxu idi. Brejnev dövründə də KQB-dən qorxurdular, amma lətifələr dolaşırdı. Putin indi tədricən lətifə qəhrəmanına çevrilir. Əvvəllər deyirdilər ki, Zelenski kloundur və s. Amma indi Putin özü kloun vəziyyətinə düşüb. İnsanlar artıq onun əvvəlki nüfuzunun qalmadığını düşünürlər, hörmətdən düşdüyünü deyirlər.
- Bəs bütün bunların fonunda Putinin yaratdığı məğlubedilməz obrazı da dağılırmı?
- Biz mütləq başa düşməliyik ki, siyasi baxımdan Putin ayrı anlayışdır, Rusiya dövləti isə ayrı. Rusiya dövləti sözsüz ki, hələ də təhlükəlidir. Hətta Rusiya dövləti Putindən azad olduqdan sonra daha aqressiv siyasətə də keçə bilər.
- Nəyi nəzərdə tutursunuz?
- Məsələn, Putinin əvvəl İranla çox oxşar cəhətləri görünürdü. İranda Amerika təzyiqləri artıranda mollalar və SEPAH arasında müəyyən dəyişikliklər baş verdi, hakimiyyətə daha radikal və daha aqressiv qüvvələr gəlməyə başladı. Mollalar az da olsa konservatorlarla reformistlər arasında müəyyən neytrallığı qoruyub saxlayırdılar.

Putin də eyni vəziyyətdədir. O, tam səfərbərlik elan etmir, çünki qorxur. İqtisadiyyatı tam hərbi rejimə keçirmir. Halbuki konservatorlar tələb edirlər ki, hər şey mərkəzləşdirilsin, dövlət bütün sahələri idarə etsin. Əgər Putini aradan götürsələr və onun yerinə hansısa sərt xətt tərəfdarı olan konservator gəlsə, sözsüz ki, Rusiyanın imkanları hələ bir-iki il müqavimət göstərməyə kifayət edə bilər. Putin isə risk etmək istəmir: nə nüvə silahından istifadə etmək, nə tam səfərbərlik elan etmək, nə də başqa radikal addımlar atmaq istəyir.
Mən belə başa düşürəm ki, hazırda Moskvada iki əsas xətt mövcuddur: konservatorlar və nisbətən reformist qüvvələr. Bir tərəf müharibənin davam etməsini, digər tərəf isə onun bitirilməsini istəyir. Bu qüvvələr arasında mübarizə gedir. Hansı tərəf üstünlük qazanmağa başlasa, Putin də adətən həmin tərəfə meyllənir. Çünki Putin həmişə gücün hansı tərəfdə olduğunu izləyib və həmin tərəfi dəstəkləyib. Putinin əsas məqsədi öz hakimiyyətini qorumaqdır. Bunun üçün isə Kremlin daxilində daha güclü qruplaşmaya arxalanmalıdır. Ona görə də həmin qruplaşma nə tələb etsə, Putin də çox güman ki, onu edəcək. Əgər konservator və radikal qüvvələr tam səfərbərlik, nüvə silahı və ya hücum əməliyyatlarının genişləndirilməsini tələb etsələr, o da bunu dəstəkləyə bilər. Əksinə, müharibənin bitirilməsini istəyən qüvvələr ya Putini kənarlaşdırmalıdırlar, ya da onu öz tələblərini yerinə yetirməyə məcbur etməlidirlər.
- O qüvvələrin güc nisbəti necədir? Bunu necə müəyyən etmək olar?
- Onu bilmək çətindir. Vahid bir qüvvə yoxdur. Müxtəlif qruplaşmalar mövcuddur. Hər kəs ilk növbədə özünü qorumağa çalışır. Orada ideoloji konservator və ya ideoloji reformator anlayışı da tam aydın deyil. Hamı vəziyyətə baxır. Bəziləri düşünür ki, Putin hansı istiqamətə gedəcəksə, onlar da həmin istiqamətə gedəcəklər. Bəziləri şəxsi əlaqələr üzərində fəaliyyət göstərir, bir-birinə məlumat ötürür, məlumat sızdırır, müxtəlif ittifaqlar qurur və s. Buna görə də prosesləri tam anlamaq çətindir.
- Ukrayna artıq, necə deyərlər, Rusiyanın zəif nöqtəsini tutub. Bu temp davam edərsə, hansı situasiya yarana bilər?
- Deməli, yaxın 2 ay ərzində Rusiya bu orta mənzilli dronların qarşısını ala bilsə, vəziyyət sabitləşə bilər. Çünki biz bu müharibə dövründə dəfələrlə görmüşük ki, təşəbbüs periodik olaraq tərəflər arasında dəyişib. Bir vaxtlar üstünlük Ukrayna tərəfində idi - Xarkov əməliyyatı, Kiyev ətrafının təmizlənməsi, Kursk əməliyyatı və s. Bəzi dövrlərdə isə üstünlük Rusiya tərəfinə keçib. Hazırda təşəbbüs Ukrayna tərəfindədir, bir neçə istiqamətdə, o cümlədən Krım üzərində.
"Hər şey hazırdır, Moskva istiqamətində ballistik raketlər də uçmağa başlaya bilər"
Amma paralel olaraq Rusiyanın Konstantinovka istiqamətində, deyəsən vəziyyəti yaxşılaşır. Orada Rusiya şəhəri yavaş-yavaş mühasirəyə alır. Deməli, əsas məsələ budur: kim daha tez hərəkət edə biləcək? Əgər Rusiya yaxın 2 ay ərzində dronlara qarşı effektiv müdafiə sistemi yarada bilməsə, payızdan etibarən Moskva istiqamətində ballistik raketlər də uçmağa başlaya bilər. Praktiki olaraq hər şey hazırdır, sadəcə mühərrik üzərində müəyyən düzəlişlər edilir. Digər tərəfdən, hər ay Ukraynanın həm yaxın, həm orta, həm də uzaq məsafələri vura bilən dronlarının sayı artır.
Əsas məsələ isə odur ki, Donald Tramp hələlik Ukrayna tərəfinə daha yaxın mövqe nümayiş etdirir. Bu, bir həftə sonra dəyişə bilər. Amma bütün amillər üst-üstə düşür və bu zərbələr Trampa göstərir ki, Ukraynanın hələ də imkanları, “kozırları” var. Ona görə də Trampın Rusiya tərəfinə meyli azalır. Amma o, hər zaman mövqeyini dəyişə bilən siyasətçidir. Necə ki bir vaxt İsrailə yaxın mövqe tutub, sonra İranla bağlı fərqli bəyanatlar verib, eyni şəkildə Ukrayna məsələsində də çox rahat şəkildə mövqeyini dəyişə bilər.

- Amma G7 sammitinin yekun bəyanatı, həmçinin Ramştayn formatında keçirilən görüşlər, yeni 4 milyardlıq yardım paketi və digər qərarlar Qərbin Ukraynanı daha qətiyyətlə dəstəklədiyini göstərir. Bu dəstəyin əhəmiyyəti nədən ibarətdir? Xüsusilə də indiki kritik mərhələdə...
- İlk növbədə maliyyə önəmlidir. Sözsüz ki, Avropa burada əsas rol oynayır. Amma Avropanın ayırdığı vəsaitə bir qədər fərqli baxmaq lazımdır. Avropa pul ayırmaqla əslində öz hərbi-sənaye kompleksini də inkişaf etdirir. Çünki həmin pullar Ukraynaya birbaşa verilmir, əksər hallarda Avropanın öz iqtisadiyyatına qayıdır. Ən vacibi isə odur ki, yeni silah növləri poliqonlarda deyil, real müharibə şəraitində sınaqdan keçirilir və təkmilləşdirilir. Bu, bir tərəfdən də Avropanın təhlükəni özündən uzaqlaşdırması deməkdir.
Hətta son vaxtlar belə məlumatlar gəlir ki, bəzi Avropa ölkələri öz “Patriot” raketlərini Ukraynaya verməyə hazırdırlar. Çünki həmin raketlərin istifadə müddəti başa çatmaq üzrədir. Onsuz da onlar utilizasiya edilməlidir. Belə olan halda, onları Ukraynaya vermək daha sərfəlidir. Bəli, bu raketlərin effektivliyi bəlkə də 50 faizdir. Yəni istifadə olunanda nəticə verib-verməyəcəyi tam məlum deyil. Amma sıfır faizlə müqayisədə 50 faiz yenə də nəticədir. Ukrayna onlardan istifadə edəcek. Ola bilsin ki, yarısı hədəfə çatmayacaq, amma digər yarısı müəyyən nəticə verəcək. Əks halda, hansısa Avropa ölkəsi həmin raketləri məhv etmək üçün əlavə vəsait xərcləməli idi. İndi isə onlar istifadəyə verilir.
Bununla yanaşı, Avropa ölkələri yeni raketlər sifariş etməyə məcbur olurlar. Hər bir biznesdə hərəkət inkişaf deməkdir. Bu da hərbi-sənaye sahəsinin inkişafına təkan verir. Pul Avropada kifayət qədər, hətta həddindən artıq çoxdur. Problem daha çox silah istehsalının həcmi ilə bağlı idi. Bu beşillik müharibə isə Avropanın daha sürətli silahlanmasına gətirib çıxaracaq.
"İran başa düşür ki, zaman onun xeyrinə işləyir"
- Azad bəy, növbəti sualımız İran-Amerika danışıqları ilə bağlıdır. Hazırda İsveçrədə danışıqlar davam etdirilir. Nə gözləyirsiz?
- Real vəziyyətə baxsaq, memoranduma həm Pezeşkian, həm də Tramp imza atıb, bunu da göstəriblər. Bu, fantastik nəticədir. Əvvəlki dövrlərdə İran belə nəticəyə nail ola bilməzdi. Sözsüz ki, İran diplomatları fantastik iş görüblər. Amma biz başa düşürük ki, fantastik müqavilələrin ömrü uzun olmur. Əgər real deyilsə, uzunömürlü olmur. Amma hesab edək ki, realdır.

Düşünmürəm ki, İrana qarşı sanksiyalar götürüləcək. Vaxtilə, məsələn, Azərbaycan üçün ən sərfəli marşrut neft və qaz boru kəmərlərini İran üzərindən Türkiyəyə çəkmək idi. O vaxt bunu edə bilmədik, çünki Amerikanın sanksiyaları var idi. Bu gün İran Zəngəzur dəhlizi məsələsinə görə narazıdır. Amma İrana qarşı sanksiyalar götürülsə, deməli, İran da Tramp marşrutuna, hətta investisiyalarla qoşula bilər. O marşrutun bir qolu İrana da gedə bilər. Faktiki olaraq İran Cənubi Qafqazdakı investisiya proqramlarına qoşulsa, iqtisadi maraqlar formalaşsa, Çindən gələn mallar İrana da yönləndirilə bilər. İran sanksiyalar altında olmazsa, praktik olaraq Cənubi Qafqazda ABŞ ilə, Türkiyə ilə birlikdə iqtisadi inkişafa təkan verə bilər.
Amma dediyim kimi inanmıram ki, sanksiyalar tam şəkildə götürülsün. Bəli, yazırlar ki, götürüləcək. Amma inanmıram ki, 300 milyard dollarlıq investisiya İrana verilsin. Çünki burada İsrailin maraqları var. Bir də ümumiyyətlə, ABŞ Konqresi bunu təsdiq edəcəkmi, etməyəcəkmi, bilinmir. Amma əsas məsələ odur ki, İranla ABŞ hansısa razılığa gəliblər. Ən maraqlısı da budur, mən də ona görə deyirəm ki, bu, fantastikdir. Adətən kapitulyasiya imzalayan ölkə kompensasiya və ya reparasiya ödəyir. Yəni vurulmuş ziyanın əvəzini ödəyir. Buradakı 300 milyard isə daha çox reparasiyaya bənzəyir - İrana vurulmuş ziyanın ödənməsinə yönəlmiş vəsait kimi görünür.
- Bu anlaşma onu göstərirmi ki, əslində Amerikanın əsas strategiyası İranın nüvə silahına malik olmamasıdır? Qalan məsələlər o qədər də önəmli deyil...
- Bəli, amma hələ bilinmir ki, bu baş tutacaq, ya yox. Sözsüz ki, dünən İran başqa söz dedi, Tramp isə dedi ki, “bir qəpik də verməyəcəyəm”. Onlar indi bir-birini təkzib edən açıqlamalar verirlər. Amma İranın vaxtı var. İran başa düşür ki, zaman onun xeyrinə işləyir. Tramp indi böyük müharibə başlada bilməz. Dünya çempionatı ABŞ-də keçirilir, payızda seçkilər var və s.
İran ABŞ-nin zəif nöqtəsini tutub, necə ki Ukrayna Rusiyanın zəif nöqtəsini tutmağa çalışır. İran anlayır ki, Tramp böyük müharibəyə başlamayacaq. Trampa isə müəyyən nəticə lazımdır. Ona görə də yavaş-yavaş, tələsmədən təzyiq göstərəcək. Obama ilə bağlanan nüvə sazişi də birdən-birə yaranmamışdı. İran həmin saziş üzərində təxminən 10 il işləmişdi. Bu proses uzun çəkmişdi. Burada da İran başa düşür ki, tələsməyə ehtiyac yoxdur. ABŞ-də prezidentlər dəyişəcək və s. Nə vaxtsa tərəflər yenə razılığa gələcəklər.
- Azad bəy, bir sualım da Ermənistandakı seçkilərdən sonra sülh prosesi ilə bağlıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərdə hansısa ciddi dəyişiklik mümkün olacaqmı?
- Biz başa düşməliyik ki, sülh prosesi uzun yoldur. Hər iki tərəf bu yolun başlanğıcında sülh müqaviləsini görür. Amma bu gün sülh müqaviləsinin özü sual altındadır. Əslində isə sülh müqaviləsi sülh prosesinin yalnız bir hissəsidir. Məsələn, Rusiya ilə Yaponiya arasında bu günə qədər sülh müqaviləsi yoxdur. Amma diplomatik münasibətlər, səfirliklər və iqtisadi əlaqələr mövcuddur. Biz istəyirdik ki, sülh müqaviləsi olsun, amma bu, prosesin sonu deyil. Ola bilsin ki, bu, prosesin yalnız başlanğıcıdır.

Bu gün sülh müqaviləsi açıq sual olaraq qalır. Biz bilmirik Paşinyan referendum keçirə biləcək, ya yox. İstəyəcəkmi, istəməyəcəkmi? Ola bilər ki, istəsin, amma bacarmasın. Ola bilər ki, bacarsın, amma istəməsin. Nəticədə sülh müqaviləsi olmaya da bilər, amma sülh prosesi davam edir.
Azərbaycanın yüksək səviyyəli nümayəndəsi, praktik olaraq diplomatiyaya cavabdeh olan Prezidentin köməkçisi Hikmət Hacıyev Cermuxda Qriqoryanla görüş keçirdi. Bundan əvvəl həmin səviyyədə təmaslar əsasən iqtisadi məsələlər üzrə baş nazirin birinci müavini ilə olurdu. İndi isə status daha da yüksəlib. Deməli, müəyyən diplomatik təmaslar mövcuddur. Paşinyan deyir ki, bəlkə Bakıya da gəldi. Deməli, sülh müqaviləsi olmasa belə, hansısa formada sülh prosesi davam edəcək.
Mənim üçün əsas məsələ budur ki, cəmiyyətlər sülhə hazırdırmı? Bu, daha vacib sualdır. Məsələn, inanmıram ki, Azərbaycan cəmiyyəti hazırda Ermənistandan gələn turistləri böyük həvəslə qarşılasın. Artıq ərəb və hindistanlı turistlərdən bezənlər var, qaldı ki, erməni turistlər… Eyni şəkildə Ermənistanda da Azərbaycan turistlərini plakatlarla, orkestrlə qarşılayacaqlarını düşünmürəm. Sadəcə olaraq, Paşinyana səs verənlərin müəyyən hissəsini şərti olaraq sülh tərəfdarları hesab etmək olar. Amma seçkilərdə iştirak səviyyəsinə baxsaq, cəmiyyətin təxminən yarısı prosesdən kənarda qalıb. Bu da onu göstərir ki, Ermənistan cəmiyyəti də, Azərbaycan cəmiyyəti də hələ tam şəkildə sülhə hazır deyil. Bunun üçün zaman lazımdır. Əlbəttə, müqavilənin imzalanması yaxşı olar. Heç olmasa, dövlət rəhbərlərinin bu prosesi dəstəklədiyi rəsmiləşər. Bizdə isə adətən cəmiyyət rəhbərliyin arxasınca gedir. Ona görə də zaman keçdikcə münasibət də dəyişə bilər.
E.Rüstəmli
E.Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər