ABŞ Prezidenti Donald Tramp dünya neft nəqlində strateji əhəmiyyətə malik olan və müharibə dövründə blokadaya alınan Hörmüz boğazının gəmilərin keçidi üçün tamamilə açıldığını bəyan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ lideri rəsmi açıqlama verib. Ağ Ev rəhbəri son sutka ərzində boğazdan rekord həcmdə xammalın keçdiyini vurğulayıb: "Dünən boğazdan indiyə qədər olduğundan daha çox neft keçdi... Əsl neft fontanıdır. Boğaz tamamilə açıqdır... İndi əlimizdə iki mühüm nəticə var: açıq boğaz və heç vaxt nüvə silahına sahib olmayacaq bir ölkə (İran)".
Xatırladaq ki, cari ilin fevral ayında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların əsas səbəblərindən biri məhz rəsmi Tehranın nüvə silahı əldə etmək cəhdlərinin qarşısını almaq idi. Regiondakı müharibə və boğazın qapadılması qlobal bazarlarda neftin qiymətinin kəskin artmasına və qlobal resessiya (iqtisadi tənəzzül) təhlükəsinə yol açmışdı. "Financial Times" qəzetinin peyk görüntülərinə əsasən apardığı hesablamalara görə, hazırda boğaz yaxınlığında 441 tanker növbə gözləyir.
"Reuters" agentliyinin məlumatına görə, Hörmüz boğazının açılması məsələsi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının mərkəzində dayanıb. İlk raundun yekununda tərəflər mühüm güzəştlərə gediblər:
ABŞ-nin addımı: Vaşinqton sanksiya altında olan İran neftinin hasilatı, nəqli və satışına müvəqqəti icazə verib. ABŞ Maliyyə Nazirliyi bu məqsədlə 60 günlük xüsusi lisenziya yayımlayıb. Bu lisenziya çərçivəsində İran neftinin, neft-kimya məhsullarının ABŞ-a idxalına, həmçinin bank, sığorta və logistika əməliyyatlarına yaşıl işıq yandırılıb. (Sənəd Şimali Koreya və Kuba ilə əməliyyatları qadağan edir).
İranın addımı: Rəsmi Tehran beynəlxalq gəmilərin təhlükəsiz keçidi və insidentlərin qarşısının alınması üçün xüsusi əlaqə xəttinin yaradılmasına razılıq verib. Eyni zamanda, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərini yenidən ölkəyə buraxmağı öhdəsinə götürüb.
ABŞ Maliyyə naziri Skott Bessent danışıqların məhsuldar keçdiyini və rəsmi Tehranın sərbəst tranzit öhdəliyini təsdiqləyib. ABŞ Vitse-prezidenti Cey Di Vens isə MAQATE ilə İran arasında nüvə obyektlərinə baxışla bağlı müzakirələrin artıq bu həftə başlayacağını elan edib.
"Axios" agentliyinin yaydığı məlumata görə, mühüm razılaşmalara rəğmən bəzi məqamlarda ziddiyyətlər qalmaqdadır. Belə ki, İranın Xarici İşlər naziri Abbas Araqçı ABŞ ilə İranın dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılması barədə razılığa gəldiyini iddia etsə də, ABŞ Vitse-prezidenti Cey Di Vens hələlik belə bir addımın atılmadığını vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər