Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur.

Belə ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 757,8 min baş qoyun və keçi, 2 435,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 207,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,6 faizini inək və camışlar təşkil edir. Bir il öncə - 2025-cı il yanvarın 1-i vəziyyətinə ölkədə 2 465,6 min baş iribuynuzlu mal-qara olub. Bu isə bir il ərzində 30,1 min baş azalma deməkdir.

2025-cı il yanvarın 1-də xırdabuynuzlu heyvanların (qoyun-keçi) sayı 6 896,5 baş olub. Ötən bir il ərzində qoyun-keçilərin sayı 138,7 min baş azalıb.Ölkədə donuzların da baş sayı azalıb. Belə ki, 2025-cı il yanvarın 1-də 3 103 baş donuz qeydə alınmışdısa, 2026-cı il yanvarın 1-də 2 890 baş olub.

Maraqlı məqamlardan biri də odur ki, son 10 ildə xırdabuynuzlu heyvanların sayında təxminən 20-25 faiz, iribuynuzlu heyvanların sayında isə 7-8 faiz azalma qeydə alınıb. Bununla yanaşı, eyni dövrdə əhalinin ət məhsullarına tələbatında orta hesabla 25 faizlik artım müşahidə olunub.

Mütəxəssislər və fermerlər bu tendensiyanın əsas səbəbləri kimi yem qiymətlərinin bahalaşmasını, örüş sahələrinin azalmasını və heyvanların erkən yaşda kəsimə göndərilməsini göstərirlər. Fermerlərin sözlərinə görə, son illər heyvandarlıqla məşğul olmaq daha da çətinləşib. Onlar bildirirlər ki, yem məhsullarının qiyməti davamlı artır, eyni zamanda bazarda keyfiyyətsiz yemlərin satılması da ciddi problemlər yaradır.

Bəs mövcud tendensiya gələcəkdə ət məhsullarının qiymətinin artmasına səbəb ola bilərmi?


Bu barədə Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya şərhində bildirib ki,iri və xırdabuynuzlu heyvanların sayında müşahidə olunan azalmanın bir neçə əsas səbəbi var: “İlk növbədə, son illərdə yem, baytarlıq xidmətləri və digər istehsal xərclərinin artması heyvandarlığın rentabelliyini aşağı salıb. Bir çox fermerlər üçün heyvan saxlamaq əvvəlki qədər gəlirli olmadığından onlar təsərrüfatlarını kiçildir və ya fəaliyyətlərini tamamilə dayandırırlar. Digər mühüm amil örüş və yem bazasının məhdudlaşmasıdır. Yem qiymətlərinin yüksəlməsi xüsusilə kiçik təsərrüfatların xərclərini artırır. Nəticədə bəzi fermerlər sürülərini genişləndirmək əvəzinə mövcud heyvanların bir hissəsini satışa çıxarmağa üstünlük verirlər. Kənd yerlərindən əhalinin miqrasiyası da heyvandarlığa təsir göstərən amillərdəndir. Gənc nəslin kənd təsərrüfatına marağının azalması və alternativ məşğulluq imkanlarının artması bir sıra bölgələrdə heyvandarlıq fəaliyyətinin zəifləməsinə səbəb olur”.

Ekspert qeyd edir ki, Heyvan sayının azalması uzunmüddətli perspektivdə ət istehsalına da təsirsiz ötüşmür:“Əgər bu tendensiya davam edərsə, bazara çıxarılan diri heyvan və ət məhsullarının həcmi azala bilər. Təklifin azalması isə digər şərtlər dəyişməz qalırsa, qiymətlərin yüksəlməsinə təkan verir. Bununla belə, heyvan sayının azalması avtomatik olaraq eyni sürətlə qiymət artımı demək deyil. Qiymətlərə idxal imkanları, əhalinin alıcılıq qabiliyyəti, dövlət siyasəti və bazardakı ümumi tələb də təsir göstərir. Lakin mövcud dinamika onu göstərir ki, heyvandarlıq sektorunda azalma davam edərsə, orta və uzun müddətdə ət məhsullarının bahalaşması riskini artıran əsas amillərdən birinə çevrilə bilər. Bu baxımdan hazırkı statistika təkcə heyvan sayının azalmasını deyil, gələcəkdə ət bazarında yarana biləcək təzyiqlərin də ilkin siqnalı kimi qiymətləndirilə bilər”.

2013-də 7,6 manat, 2026-da 17 manat

Qeyd edək ki, son illərdə ət məhsullarının qiymətində ciddi artım qeydə alınıb.

Belə ki, mal ətinin bir kiloqramının qiyməti 2013-cü ildə 7,6 manat idisə indi 17 manatdır. Qoyun əti isə eyni dövrdə 9 manatdan 18,5 manata çataraq təxminən iki dəfə bahalaşıb. Toyuq ətində isə bu artım 87 faiz təşkil edib.

E. Bəyməmmədli

“AzPolitika.info”