2025-ci il avqustun 8-də keçirilən Vaşinqton sammitindən düz bir il ötür. Politoloq Fərhad Məmmədov Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin ötən bir il ərzində keçdiyi yolu təhlil edərək, formalaşan yeni trendləri və əldə olunan nəticələri şərh edib.

İkitərəfli formatın alternativi yoxdur

Ekspert bildirib ki, keçən dövr Bakı və İrəvan arasında birbaşa ikitərəfli danışıqlar formatının alternatizsiz olduğunu sübut etdi. Tərəflər vasitəçilərin diktəsi olmadan, ardıcıl və mərhələli addımlardan ibarət razılaşdırılmış sülh gündəliyi üzrə irəliləyirlər.

Prezident Administrasiyaları və icra aparatları arasında daimi operativ rabitə kanalı işləyir.

Beynəlxalq təşkilatlar və platformalarda diplomatik qarşıdurmanın səviyyəsi əhəmiyyətli dərəcədə aşağı salınıb.

Baş nazirin müavinlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya və demarkasiya) və iqtisadi əlaqələrin bərpası istiqamətində praktiki işini davam etdirir.

Politoloq qeyd edib ki, sülh gündəliyinin ən vacib praktiki tərkib hissələrindən biri kimi çıxış edən TRIPP Layihəsi (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) üçüncü tərəflərin prosesdə iştirakının yeni formulasını müəyyənləşdirib: hər iki tərəfin razılığı ilə, konkretləşdirilmiş layihə və istiqamətlər üzrə əməkdaşlıq.

Fərhad Məmmədovun sözlərinə görə, son bir ildə Tramp administrasiyası bu layihəyə ciddi maraq göstərərək Azərbaycan, Ermənistan və Mərkəzi Asiya dövlətləri ilə paralel iş aparıb. Layihə üzrə yüz milyonlarla dollar vəsaitin rezervasiya olunması və milyardlıq investisiya iddialarının irəli sürülməsi TRIPP-i böyük regional əməkdaşlıq mexanizminin bel sütununa çevirir. Yaxın aylarda infrastrukturun tikinti mərhələsinə start verilməsi gözlənilir.

"Sülh körpüsü" və yeni drayverlər

Şərhdə vurğulanır ki, ötən il ərzində tərəflər arasında ilk praktiki iqtisadi təmasların və əməkdaşlıq elementlərinin təməli qoyulub. Paralel olaraq, vətəndaş cəmiyyəti səviyyəsində də dialoq platformaları formalaşıb — bu xüsusda "Sülh körpüsü" təşəbbüsü cəmiyyətlərarası etimadın qurulmasına töhfə verir.

Həm Azərbaycan, həm də Ermənistan sülh gündəliyini monetizasiya etməyə, onu milli təhlükəsizlik, iqtisadi inkişaf və regional inteqrasiya layihələrinin reallaşdırılması üçün əsas drayverə çevirməyə çalışırlar.

Politoloq bildirib ki, Yaxın Şərqdə və bölgənin cənubunda gərginliyin artmasına, regional risklərin çoxalmasına baxmayaraq, Cənubi Qafqazda sülh gündəliyindən imtina edilməyib.

Qarşıdakı 5 il üçün həm Bakıda, həm də İrəvanda sülh gündəliyini razılaşdırmış və sülhü öz daxili siyasi proqramına çevirmiş legitim hökumətlər fəaliyyət göstərir.

Konfliktin bütün fəsadlarının bir ilə aradan qaldırıldığını demək tez olsa da, mövcud və gələcək fikir ayrılıqlarının məhz danışıqlar və diplomatiya yolu ilə həll olunacağı prinsipi möhkəmlənib.

Növbəti mərhələdə nə gözlənilir?

Fərhad Məmmədov sülh prosesinin tempini və yekun sülh müqaviləsinin imzalanmasını şərtləndirən bir neçə mühüm amili xüsusi qeyd edib:

-Ermənistanda yeni Konstitusiyanın qəbulu (ərazi iddialarının hüquqi müstəvidə ləğvi);

-TRIPP layihəsinin praktiki tikinti mərhələsinə keçməsi;

-Sərhədin növbəti mərhələli hissələrinin delimitasiya və demarkasiya olunması.

Ekspert hesab edir ki, həm region daxilindən, həm də xarici perimetrdən bu gedişata müəyyən müqavimətlərin olmasına baxmayaraq, Vaşinqton sammitinin ilk ildönümü göstərir ki, başlanan trend dönməzdir və regionun bütün aktorları bu yeni geosiyasi reallığa uyğunlaşmaq məcburiyyətindədir.

Rasim Əliyev

"AzPoltika.info"