Məlum olduğu kimi, Rusiyada 18-20 sentyabrda keçirilən parlament seçkilərinin qalibi 57 faiz səslə yenə hakim “Vahid Rusiya” Partiyası olub. Bu partiya növbəti dəfə parlamentdə konstitusiya çoxluğuna malik olacaq.
Bəs yeni parlamentə kim sədrlik edəcək?
“AzPolitika” xəbər verir ki, “RBC” yeni parlament sədrinin yenə Vyaçeslav Volodin olacağı barədə məlumat yayıb. Bu barədə Rusiya Prezident Administrasiyasına yaxın mənbə “RBC”-ya bildirib.
Mənbənin sözlərinə görə, bu qərar artıq verilib və Rusiya Prezidenti Vladimir Putin ilk plenar iclasa qədər bu qərarı təsdiqləyəcək.
Mənbələr əlavə ediblər ki, Volodin son vaxtlar Dövlət Dumasının yeni tərkibi ilə bağlı müzakirələrdə fəal iştirak edir və onun fikri parlamentə rəhbərlik etmək üçün ən çox ehtimal olunan namizəd kimi qəbul edilib.
Əgər Volodinin səlahiyyət müddəti uzadılsa, o, Rusiyanın yeni tarixində rekord qıracaq. Əvvəllər heç kim ardıcıl iki müddətdən çox Dövlət Dumasının sədri vəzifəsində çalışmayıb. Duma sədri rəsmi olaraq deputatların özləri tərəfindən seçilir. Lakin bu seçimin əsasən Kremlin istəyinə uyğun nəticələndiyi heç kimə sirr deyil.
Voldin ilk dəfə 1999-cu ildə "Vətən - Bütün Rusiya" blokunun üzvü kimi Dövlət Dumasına seçilib. 2001-ci ildə həmin fraksiyasının lideri, 2003-cü ildə isə yenidən seçilərək, artıq Dövlət Dumasındakı “Vahid Rusiya” fraksiyasının üzvü kimi vitse-spiker təyin olunub.
2010-cu ildə Volodin baş nazirin müavini və hökumət aparatının rəhbəri vəzifələrinə yüksəlib. 2011-ci ildə prezident administrasiyası rəhbərinin birinci müavini olub. Bu vəzifədə o, 2012-ci il prezident seçkilərinə və 2016-cı il Dövlət Duması seçkilərinə nəzarət edib. Daha sonra, dörd illik fasilədən sonra “Vahid Rusiya” konstitusiya çoxluğu qazanıb və bu səs çoxluğunu bu günə qədər qoruyub saxlayır. Volodin isə həmin vaxtdan parlamentin spikeri oldu və son on ildir bu vəzifəni tutur.
“AzPolitika.info”


Şərhlər