Ukraynaya qarşı işğalçılıq müharibəsi uzandıqca, təkcə işğala məruz qalan ölkə deyil, Rusiyanın özündə də ciddi problemlər yaranmağa və artmağa başlayır.
“AzPolitika” xəbər verir ki, Almaniyanın “Bild” nəşri bu mövzuyla bağlı yazısında Ukraynanın xüsusilə də son dövrlərdə Vladimir Putinə yaratdığı ciddi problemlər sadalanır. Nəşr yazır ki, son həftələrdə Ukrayna Silahlı Qüvvələri Vladimir Putin üçün dörd ciddi problem yaradıb.
Birinci problem cəbhənin dalana dirənməsidir. Qeyd ounur ki, yerlərdə kiçik irəliləyişlərə baxmayaraq, 2023-cü ildən bəri təmas xəttində heç bir strateji dəyişiklik olmayıb. Hər iki tərəf daim təchizat yollarına, sursat və yanacaq daşıyan yük maşınlarına, dəmir yolu qovşaqlarına və s. hücum edir.
Köln Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Tomas Yeger nəşrə deyib: "Tükəndirmə müharibəsi davam edir və Rusiya hərbi cəhətdən qalib gəlmək üçün vasitələr tapa bilmir".
İkinci problem arxa cəbhəyə zərbələrdir. Ukrayna Rusiya xətlərinin arxasındakı neft emalı zavodlarına, yanacaq anbarlarına və dəmir yolu infrastrukturuna zərbələr endirir: “İqtisadiyyata dəyən ziyan həm neft ixracı, həm də ölkə daxilində və cəbhədə təchizat baxımından çox böyükdür. Krım yarımadasında dramatik bir vəziyyət yaranıb, burada fiziki şəxslər artıq benzin ala bilmirlər".
Daha bir problem odur ki, Krımı faktiki müdafiə edə bilməməsi Putin üçün siyasi yükə çevrilir. Ukrayna qüvvələri müntəzəm olaraq Krımın hərbi infrastrukturuna və nəqliyyat arteriyalarına zərbələr endirir: "Krım Putinin imperialist siyasətinin ən vacib simvoludur. Vəziyyət dəyişir, çünki Krım Rusiyadan təcrid olunur. Yarımadanın mümkün itirilməsi Putin üçün böyük ikiqat zərbə olar. Çünki təbliğat həmişə Krımın Rusiya ilə yaxın əlaqələrini vurğulayıb və strateji olaraq yarımada Qara dənizdə Moskvanın forpostu kimi xidmət edir”.
Nəhayət, əsas ciddi problemlərdən biri - Rusiya cəmiyyəti getdikcə müharibənin təsirini öz üzərində hiss edir. Həm Krıma, həm də Rusiyanın daxilindəki hədəflərə edilən hücumlar hərbi əməliyyatların nəticələrini bir çox Rusiya vətəndaşı üçün açıq-aydın göstərir. Xüsusilə də Moskvaya endirilən son zərbə və bununla bağlı görüntülər Rusiya cəmiyyətinə təsirsiz ötüşə bilməz: "Moskvanın yanması obrazını görməzdən gəlmək mümkün deyil; Ukraynanın taktikaları işləyir".
“AzPolitika.info”

Şərhlər