Bahalı avtomobillərdə 10 min manatdan artıq qiymət artımı gözlənilir
Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır. Belə ki, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir.
Yeni dəyişikliklərə əsasən, mühərrikinini həcmi 2 min kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb.
İqtisadçı-ekspert Vüqar Bayramov mövzunu şərh edərkən deyib ki, son dəyişikliklərə diqqət yetirəndə mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımlarının müşahidə ediləcəyi bəlli olur: “Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq”.
V.Bayramovun sözlərinə görə, 2013-cü ildə ölkəyə 103 min avtomobil idxal olunub ki, bunların da 94 mini minik avtomobilləri idi. Güman olunur ki, 2014-cü idə avtomobil idxalı əvvəlki il ilə müqayisədə 30 faizdən artıq azalıb. “Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartların tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacağı gözlənilir. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”,- deyə ekspert vurğulayıb.
Həmçinin o bildirib ki, ölkəyə idxal edilən benzin və digər yanacaq məhsulları ilə yanaşı, eyni zamanda xaricdən gətirilən qızıl və almaz məmulatlarına da əlavə vergilər tətbiq edilməyə başlanılır: “Doğrudur, tətbiq edilən vergilər sözügedən məhsulların xərclərinin cüzi artmasına gətirib çıxarıb və güman edilir ki, bu dəyişikliklər ciddi qiymət artımlarına səbəb olmayacaq. Neftin dünya bazar qiymətinin aşağı düşməsi səbəbindən bir sıra daha çox istehlak olunan mallara xüsusi vergilərin tətbiq edilməsi gözlənən idi. Əslində, gündəlik istehlak olunan mallarda o cümlədən, yanacaq və ya ərzaq məhsullarında qiymət artımlarına getmək birmənalı şəkildə arzuolunan deyil, bununla yanaşı, əhalinin sağlamlığı üçün ziyanlı olan məhsullara tətbiq edilən vergilərin artırılması yolu ilə büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin etmək məqsədəuyğundur. Bununla yanaşı, əslində bu konteksdə daha çox istehlakı arzuolunmaz hesab edilən mallara, xüsusən də spirtli içkilərə və tütün məhsullarına daha yüksək idxal və istehsal aksiz vergilərinin tətbiq edilməsi məqsədəuyğundur. Əvvəla, Azərbaycanda hətta 2-3 manata təklif edilən araq məhsulları var və onların qiymətinin yeni vergilər vasitəsi ilə hətta 2 dəfə yüksədilməsi də problem deyil. Əslində, bu spirtli içkilərin istehlakın tənzimlənməsi ilə yanaşı, büdcəyə əlavə vəsaitlərin daxil olmasına səbəb ola bilər. İkincisi, tütün məhsullarına tətbiq edilən aksiz vergilərinə yenidən baxılması da məhz bu zərərli məhsulun istehlakının tənzimlənməsinə və büdcəyə əlavə gəlir mənbəyinin formalaşmasına səbəb ola bilər. Üçüncüsü, benzin və yanacağın qiymətindən fərqli olaraq, sözügedən bu məhsulların ümumi istehlak bazarına və eləcə də əhalinin heç də bütün təbəqəsinə təsirləri yoxdur. Ümumiyyətlə, əksər ölkələrdə spirtli içkilər və tütün məhsullarına tətbiq edilən aksiz vergilərinə büdcə kəsrini örtmək üçün alternativ maliyyə mənbəyi kimi baxılır”.

Şərhlər