Ukrayna Silahlı Qüvvələrinin yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələri (PSQ) işğal altındakı Krım yarımadasında Rusiya ordusunun hərbi-strateji və logistik infrastrukturuna qarşı son ayların ən kütləvi və koordinasiyalı zərbələrindən birini endirib. Rəsmi məlumata görə, Ukrayna dronları yarımada boyu eyni anda 38 strateji hədəfi uğurla vurub.
“AzPolitika” xəbər verir ki, əməliyyatın detalları və görüntüləri Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi ("Madyar") tərəfindən rəsmən açıqlanıb.
"Krımın hava hücumundan müdafiə sistemlərinin çökdürülməsi və təmizlənməsi" adlandırılan əməliyyat nəticəsində Rusiyanın Qara dənizdəki nəzarət imkanlarına və enerji sisteminə ağır zərbə vurulub.
Ukrayna hərbi rəhbərliyinin bəyanatına görə, əməliyyatın ilkin mərhələsində Rusiyanın Qara dənizdəki dəniz və hava hərəkətliliyini izləyən strateji radar sistemləri hədəf alınıb. Dəqiq zərbələrlə aşağıdakı obyektlər məhv edilib:
-Myrne qəsəbəsində yerləşən "MR-231" tipli müasir gəmiçilik və sahil nəzarət radarı;
-Morske və Zaozerne qəsəbələrində yerləşən iki ədəd "Neva-B" sahil radiolokasiya sistemi.
Bu radiolokasiya stansiyalarının sıradan çıxarılması Rusiya hərbi donanmasının və sahil mühafizəsinin nəzarət imkanlarını kəskin zəiflədib.
Hücum həmçinin yarımadanın hərbi logistikasını qidalandıran enerji şəbəkəsini də iflic edib. Dron zərbələrindən sonra Simferopol, Sevastopol, Yalta və Yevpatoriyada kütləvi elektrik kəsintiləri başlayıb.
Vurulan kritik enerji obyektləri bunlardır:
-Simferopolda yerləşən Tavriyskaya İstilik Elektrik Stansiyası (İES);
-330 kV-luq "Simferopolska" və 330/220/110 kV-luq "Sevastopol" baş elektrik yarımstansiyaları;
-Janykoy şəhərindəki iri neft bazası və Jurasvlivka ilə Klyuçi ərazilərindəki qaz-kompressor stansiyaları.
Bundan əlavə, Kumove qəsəbəsi yaxınlığında Rusiyaya məxsus ZU-23-2 zenit-artilleriya qurğusu da ekipajı ilə birlikdə imha edilib.
Bu genişmiqyaslı əməliyyat Ukrayna PSQ-nin elit bölmələrinin - 1-ci və 20-ci xüsusi mərkəzlərinin, məşhur "Madyarın Quşları" briqadasının 9-cu "Kayros" batalyonunun, həmçinin "Feniks" və "Nemesis" bölmələrinin koordinasiyası ilə həyata keçirilib. Zərbələrin bir hissəsinin Ukrayna istehsalı olan "Fire Point" kamikadze dronları ilə endirildiyi bildirilir.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bəyan edib ki, Krım Rusiya ordusu üçün "daimi itki zonasına" çevriləcək və yarımadanın tam logistik izolyasiyası təmin olunana qədər bu tip "orta mənzilli strateji zərbələr" intensiv şəkildə davam etdiriləcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər