İranla ABŞ arasında əldə edilən atəşkəs yenidən pozulub.

“AzPolitika” xəbər verir ki, əvvəlcə ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikaze dronla hücum etdiyini bəyan edib. Bu barəfə o özünün “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, bir dron "böyük və çox bahalı" yük gəmisinin göyərtəsinə dəyib, zədələnib, lakin gəmi yoluna davam edib. Daha üç PUA isə Amerika qoşunları tərəfindən vurulub.

"Aydındır ki, bu, atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır", - deyə Tramp bildirib. O, Ağ Evdə jurnalistlərə hadisədən sonra hər hansı bir nəticənin olub-olmayacağı sualına cavab olaraq bildirib: "Özünüz görəcəksiniz".

Həmin vaxt İran kanalları üç xarici tankerin Tehranın "icazəsi olmadan" Hörmüz boğazından keçməyə cəhd etdiyini bildirib. Onlar İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və bundan sonra kursu dəyişməyə məcbur olublar.

Bu baş verənlərə cavab olaraq, ABŞ ordusu İrana zərbə endirib. Bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

Qərar İranın Sinqapur bayrağı altında Hörmüz boğazından keçən ticarət gəmisinə hücumuna cavab olaraq qəbul edilib. Bəyanatda deyilir: "ABŞ təyyarələri İranın M/V Ever Lovely gəmisini vurmasından sonra İranın raket və pilotsuz təyyarə saxlama yerlərini, eləcə də sahil radarlarını vurub".

CENTCOM İranın hərəkətlərinin "həyati vacib beynəlxalq ticarət dəhlizində naviqasiya azadlığını təhdid etdiyini" vurğulayıb.

İranın Mehr xəbər agentliyi mənbələrə istinadən bildirib ki, beş saat əvvəl İran Hörmüz boğazında "qayda pozan gəmilərə" bir neçə xəbərdarlıq atəşi açıb. Bundan əlavə, agentlik İranın cənubunda boğaz istiqamətində atılan iki raket barədə məlumat verib. Agentlik həmçinin, Hormorqan əyalətində yerləşən Tahroi limanına mərmi düşdüyünü bildirib.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumuna "sürətli və qətiyyətli cavab" veriləcəyini elan edib.

“AzPolitika.info”

***

ABŞ ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Bildirilib ki, ABŞ hərbi təyyarələri İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini, həmçinin sahil radar mövqelərini vurub.

Bu addımın İranın iyunun 25-də “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronu ilə hücum etməsinə cavab olaraq atıldığı bildirilir.

Bəyanatda bildirilir ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsassız hücumu atəşkəs rejimini açıq şəkildə pozub.

Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasını təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir.