Gələn həftə Ankarada keçiriləcək NATO sammiti öncəsi Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Reuters" agentliyinə mühüm açıqlamalar verib. Nazir alyans daxilindəki fikir ayrılıqlarına aydınlıq gətirərək, ABŞ-nin blokdan ayrılmaq kimi bir niyyətinin olmadığını vurğulayıb.
"AzPolitika" xəbər verir ki, Türkiyə gələn həftə (7-8 iyul tarixlərində) NATO-ya üzv 32 ölkənin liderini, həmçinin Körfəz və Asiya-Sakit okean regionundan olan rəsmi şəxsləri qəbul edəcək. Sammit Alyans daxilində hərbi xərclərin bölüşdürülməsi və Hörmüz boğazının yenidən açılması prosesində müttəfiqlərin yetərincə iştirak etməməsi ilə bağlı Vaşinqtonun narazılıqları fonunda baş tutacaq.
Nazir Yaşar Gülər agentliyin suallarına yazılı cavabında bildirib ki, Ankara sammitində əsas diqqət blokun birliyinə, müttəfiqlərin artan müdafiə xərclərinin qiymətləndirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinə və Ukraynaya dəstəyin artırılmasına yönələcək.
Yaşar Gülər hazırkı geosiyasi vəziyyəti böhran kimi xarakterizə etməyib:
"NATO Avro-Atlantik təhlükəsizlik və müdafiə üçün misilsiz və fundamental platforma olmaqda davam edir. Keçdiyimiz dövrü böhran deyil, dəyişən təhlükəsizlik mühitinə uyğunlaşma prosesi kimi qiymətləndiririk".
Nazir həmçinin qeyd edib ki, rəsmi Vaşinqtonun NATO-dan çıxmaq planı yoxdur, sadəcə olaraq ABŞ Avropalı müttəfiqlərinin və Kanadanın qitənin təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını istəyir.
Gülər sonda Avropanın müdafiə planları və təşəbbüslərində Ankaranın da mütləq şəkildə yer almalı olduğunu xüsusi vurğulayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər