Fransa Prezidenti Emmanuel Makron Parisdə Özbəkistan Prezidentinin Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ilə görüşüb. Yelisey sarayında baş tutan danışıqlarda ölkələr arasındakı strateji və uzunmüddətli tərəfdaşlıq əlaqələri diqqət mərkəzində olub.

"AzPolitika" xəbər verir ki, görüşdən sonra təəssüratlarını bölüşən Səidə Mirziyoyeva Fransanın dövlət başçısına göstərilən diqqət və səmimi qəbula görə təşəkkür edib: "Fransa Prezidenti Emmanuel Makrona göstərdiyi diqqət və səmimi qəbula görə minnətdaram. Özbəkistan Prezidentinin ən səmimi arzularını özünə çatdırdım. Ölkələrimizi ən mühüm strateji sahələrdə uzunmüddətli tərəfdaşlıq birləşdirir. Əminəm ki, qarşıda hər iki ölkə üçün faydalı olacaq xeyli birgə layihə və təşəbbüslər var".

Yeliseyin "səmimi" diplomatiyası yenidən gündəmdə

Parisdən yayılan rəsmi fotolarda tərəflərin olduqca səmimi və isti mühitdə danışıqlar apardığı aydın görünür. Bu mənzərə beynəlxalq mətbuatda Emmanuel Makronun bundan əvvəl İtaliyanın Baş naziri Corciya Meloni ilə keçirdiyi və böyük rezonans doğuran görüşünü xatırladıb.

Xatırladaq ki, Parisdə keçirilən Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə dair sammit zamanı Makronun italyan həmkarı Meloniyə qarşı diplomatik protokoldan kənara çıxan həddindən artıq səmimi rəftarı dünya mediasının və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilmişdi. Hətta Fransa mətbuatı, liderlərin bu yaxın görüntülərinin birinci xanım Brijit Makron tərəfindən birmənalı qarşılanmadığını iddia etmişdi.

Makronun diplomatik görüşlərdəki bu xüsusi və səmimi üslubu Özbəkistan rəsmisi ilə görüşdə də özünü büruzə verib və Paris xəbərlərinə fərqli bir rəng qatıb.

"AzPolitika.info"